BTQ dünya ictimaiyyətini müstəmləkələrdə real vəziyyət barədə məlumatlandırmaqda davam edir

Bakı Təşəbbüs Qrupu (BTQ) dünya ictimaiyyətini müstəmləkə edilmiş regionlardakı real vəziyyət barədə məlumatlandırmaqda davam edir.

"Report" xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasovun BMT-nin müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməsinin həyata keçirilməsi ilə bağlı yaradılan xüsusi komitəsinin (C24) illik iclası çərçivəsində təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında keçirilən konfransın iştirakçılarına videomüraciətində deyilir.

"Təşkilatımız bərabərlik və ədalətin əsas dəyərlərini qorumaq üçün fəaliyyətləri dəstəkləməyə davam edəcək. Biz qəti şəkildə inanırıq ki, insan hüquqlarının təşviqi və qorunması yolu ilə müstəmləkəçiliyin kökünün kəsilməsinə mühüm töhfə verəcəyik", - o deyib.

A.Abbasov qeyd edib ki, BTQ bir sıra beynəlxalq tədbirlər keçirib, burada müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni nəticələri, müstəmləkə ərazilərində insan hüquqlarının pozulması müzakirə olunub.

"Fransa hökuməti tərəfindən Yeni Kaledoniyada fundamental insan hüquqlarının pozulmasına dair son hadisələr Fransa hökumətinin dekolonizasiya ilə bağlı BMT Baş Assambleyasının qətnamələrini yerinə yetirmək üçün siyasi iradə nümayiş etdirmədiyinə növbəti sübutdur", - o söyləyib.

"Biz kanaki xalqı ilə tam həmrəy olduğumuzu bildiririk və onların seçicilərin genişlənməsinə qarşı ədalətli mübarizəsini dəstəkləyirik, həmçinin Fransa hakimiyyətinin təklif etdiyi düzəlişlərin ləğvini tələb edirik", - BTQ-nin icraçı direktoru əlavə edib.

Bakı Təşəbbüs Qrupu hazırda BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün illik iclası çərçivəsində "Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin Rolu" adlı Konfrans keçirir.

APA xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Kaledoniyada Fransa polisi və jandarması tərəfindən öldürülən mülkü şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

0.2921130657196