Fuad Əliyev: Bu qanun boşluğudur

 

“Yay ayların ilk günləri isti keçdi. Proqnozlara görə qarşıdan gələn iyul, avqust aylarında havanın temperaturu 40-dan çox olacaq. Bu halda Əmək Məcəlləsinə görə, temperatur 41 dərəcədən yuxarı olduqda açıq havada iş prosesi dayandırılmalıdır”.

Bunu Azreform.info-ya açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev deyib.

Fuad Əliyev hesab edir ki, isti havalarda sahibkarlar işi dayandırmalıdırlar, ya da, əlavə tədbirlər görməlidir:

“İsti keçən günlərdə iş mütləq dayandırılmalıdır. Bu xüsusilə tikinti sektoruna aiddir. Əgər işin dayandırılması mümkün deyilsə, onda işəgötürən fasilələr təşkil etməli, işçilərə sərinləşdirici içkilər verməlidir. Nəqliyyat sektorunda isə, kondinsionerli nəqliyyat vasitələri xətlərə çıxmalıdır”.

Fuad Əliyev Dövlət Əmək Müfəttişliyinin fəaliyyətindən danışarkən deyib: “Müfəttişliyin fəaliyyəti sıfır dərəcəsindədir. Əmək Müfəttişliyinin əməkdaşlarının “əli-qolu” bağlıdır. Misal üçün, tikinti sahələrinə baş çəkə bilmirlər. Tikintidə işləyən fəhlələr bizə, Müstəqil Həmkarlar Birliyinə müraciət edirlər, köməklik istəyirlər. Tikinti sektorunun sahibkarları nə bizə, nə də Dövlət Əmək Müfəttişliyin əməkdaşlarına bu müraciətləri araşdırmaq üçün şərait yaratmırlar. Bu qanun boşluğudur. Bunu aradan qaldırmaq üçün Müstəqil Həmkarlar Birliyi olaraq təkliflər hazırlayır”.

0.36719608306885