Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Qröningen, Frislandiya, Overeysel, Limburq, Şimali-Brabant, Zelandiya, Drente, Cənubi Hollandiya əyalətlərində, Almaniya Federativ Respublikasının Türingiya vilayətində, Avstriya Respublikasının Yuxarı Avstriya, Ştiriya inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının isə Oreqon, Şimali Dakota və Şimali Karolina ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

0.1019299030304