Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb.
Bu barədə “Qafqazinfo”ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığı müəyyən edilib: “Məktəb rəhbərliyi və müəllimlərin izahatına əsasən qeyd edirik ki, 6 may 2024-cü il tarixində şagird 2-ci dərsdə iştirak edib, dərslərarası fasilə bitdikdən sonra sanitar-qovşaqdan istifadə edib və sinif otağına qayıtmadan məktəb ərazisini tərk edib. Ərazini tərk etdikdən qısa müddət sonra şagirdin vəfat etməsi ilə bağlı məlumat yayılıb. Hazırda ölüm faktının səbəbi müvafiq orqanlar tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə idarəyə rəsmi məlumat daxil olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək”.
12:45
“Vəfat edən uşaq bizim məktəbin 10-cu sinif şagirdi Aslan Əliyevdir. Ölümünün səbəbi hələ məlum deyil. Ekspertizadan sonra bilinəcək”.
Bu sözləri İsmayıl Məmmədov adına 2 saylı Tərtər məktəb-liseyinin direktoru Gülarə Əkbərova iki məktəbli arasında düşən davanın təfərrüatı ilə bağlı danışarkən deyib.
“Zəif oxuyan şagird idi, amma hər gün dərsə gəlirdi. Səhhətində də heç bir problem yox idi. Bizə xəstəliyi ilə bağlı heç vaxt müraciət etməyib”, - deyə o, əlavə edib.
Direktor onu də bildirib ki, dava edən digər məktəbli haqqında məlumatı yoxdur.
Daha ətraflı Baku Tv-nin süjetində:
11:23
Tərtərdə məktəblilər arasında baş verən dava nəticəsində onlardan biri həyatını itirib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Xeber-ps.com-a verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb:
“Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır”.
10:22
Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib.
APA xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.
9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.