Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulundan sonra iştirakçılardan biri saxlanılıb.

“Qaynarinfo”nun məlumatına görə, həmin şəxs kəndin 1961-ci il təvəllüdlü sakinidir və fermerdir.

İkinci dərəcəli əlil olan həmin şəxs Elçin Rzayev çıxış edərkən xəstəliyinə görə onu eşitmədiyi üçün mikrofonla danışmasını tələb edib. Bundan sonra icra başçısının göstərişilə fermer ön sırada əyləşdirilib və sonadək iclasda iştirak edib. 

İclas başa çatandan sonra İmişli rayon Su kanal İdarəsinin direktoru Dəyanət Kazımov fermerə etdiyi hərəkətə görə etiraz bildirib. Direktor onun torpaq sahəsinə su verilişini təmin edən boruları çıxararaq, bundan sonra suyun verilməsini dayandıracağı ilə hədələyib.

Bu səbəbdən o, idarə rəisi ilə mübahisə edib və müvafiq şikayət əsasında saxlanılıb. Fermerə İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə rayon sakini İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib, 100 manat cərimə edilib.

Qeyd edək ki, 18.04.2024-cü il tarixdə qrafikə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun Muradxanlı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı, rayonun əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər.

0.06897497177124