Son zamanlar həyat yoldaşı tərəfindən qətlə yetirilən qadınların sayı artır.
Bizim.media-nın araşdırmalarına görə, son iki ayda Baş Prokurorluq tərəfindən 10-a yaxın qadının əri tərəfindən öldürülməsi ilə bağlı fakt qeydə alınıb.
Bu statistika özlüyündə nikahdan əvvəl cütlüklərin psixoloji analizdən keçib-keçməməsi ilə bağlı mövzunu aktuallaşdırır. Çünki çox vaxt qadınlar evləndikləri kişinin potensial qatil ola biləcəklərini sezə bilmirlər. Qeyd edək ki, nikaha girən cütlüklər yalnız tibbi müayinədən keçirlər.
Bəs onların paralel olaraq psixoloji analizdən də keçməsi mümkündürmü?
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli cütlüklərin psixoloji analizdən keçmələri məsələsinə nikbin baxmadığını dilə gətirib:
“Evlənmədən öncə qan analizinin verilməsi mütləqdir. Çünki bir tərəfdə olan gizli xəstəliklər ancaq qan analizi zamanı üzə çıxır. Lakin psixoloji analiz Azərbaycanda tətbiq olunmur. Sözün düzü, könüllülük prinsipini çıxmaq şərti ilə, xaricdə də belə bir məcburiyyət yoxdur. Çünki tərəflər bir-birilərinin psixoloji durumunu görə bilirlər, xəstəlikləri isə analiz vermədən bilmək olmur. Yəni psixoloji durum gizli olmur, zahiri rəylə anlamaq olur. Ona görə də, psixoloji analiz məsələsinə nikbin baxmıram”.
O ki qaldı əri tərəfindən öldürülən qadınlara, deputatın bu məsələyə yanaşması da fərqli olub:
“Bunun əsas ciddi səbəblərindən biri belədir ki, bəzi qadınlar gender bərabərliyi adı altında güclü qadın obrazı yaradırlar və ərlərinə ailə başçısı gözündə baxmırlar, bəziləri isə mənfi yollara gedirlər. Yəni çox vaxt qadın qətlləri namus məsələlərinə görə olur.
Ona görə də biz saf cəmiyyətin qurulmasına çalışmalıyıq ki, kiminsə pis yola getmək ağlına belə gəlməsin. Sovet dövründə də əri tərəfindən qısqanclıq zəminində öldürülən qadınlar olurdu. Hər bir halda, nikahdan öncə psixoloji analizin qanunvericilik səviyyəsində tətbiq olunmasına yaxşı baxmıram. Sanki bir növ cütlüyü aşağılamış olarıq ki, görək onların ağlı başındadır, ya yox”.