Azərbaycanda kənd yolları turizmin inkişafı üçün yararlıdırmı? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bütün dünyada olduğu kimi, Azərbaycanda da kəndlərdə yaşayanlar ilin isti aylarında evlərində turist qəbul etməyə, başqa sözlə, mövsümi də olsa, kənd turizminin imkanlarından faydalanmağa çalışırlar.

Bəs bunun üçün kənd yollarımız yararlıdırmı?

“Report” mövzu ilə bağlı ekspertlərin rəyini öyrənib.

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, “Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi deyir ki, son illər Azərbaycan hökuməti kəndlərə aparan yollarla bağlı xeyli iş görüb və bu sahədə vəziyyət elə də pis deyil:

“Ucqar kəndlərimizə belə asfalt yollar çəkilib. Bu, bir tərəfdən turistlərin kəndlərə hərəkət etməsini asanlaşdırır, digər tərəfdən isə nəzərə almaq lazımdır ki, asfalt ekoloji örtük deyil, onun ətraf mühitə ziyanı var, bəzi hallarda biomüxtəlifliyi pozur. Hesab edirəm ki, təbiət şəraitə müdaxilə etmək, bütün kəndlərə asfalt yollar çəkmək məqsədəuyğun deyil. Ümumiyyətlə isə, yol çəkilişində strateji yanaşma olmalıdır. Bir neçə yol növü var ki, hamısından istifadə etməliyik, təbiətə, mühitə uyğun olanını seçməliyik”.

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası”nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə hesab edir ki, Azərbaycanda turizm imkanı olan rayonların mərkəzi yollarında problem olmasa da, kənd yolları ilə bağlı vəziyyət elə də yaxşı deyil:

“Yaxşı olardı ki, turistlərin kəndlərə hərəkəti ilə bağlı çətinliklər aradan qaldırılsın. Çünki turistlər gəzməyi sevirlər. Rayon mərkəzlərində bu baxımdan problem yoxdur, amma kəndlərdə ola bilər”.

Mövzu ilə bağlı dövlət qurumlarının da mövqeyi öyrənilib. Dövlət Turizm Agentliyindən bildirilib ki, qurum turizm obyektlərinə gedən yollarla bağlı cavabdehlik daşımır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, kəndlərə yolların çəkilməsi, mövcud yolların yenidən qurulması “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” çərçivəsində öz həllini tapır:

“Bu proqrama uyğun olaraq təmirə ehtiyacı olan yollarla bağlı siyahı tərtib olunub. Həmin siyahı əsasında rayonlarda lazımi işlər icra olunur”.

0.087018966674805