Vətən müharibəsi qazisi, 3-cü dərəcə əlil Əilmusa Əli oğlu İsmayılov dövlət tərəfindən ona verilən avtomobilin duracağa yerləşdirilməsindən şikayətlənib.
Oxu. Az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib.
O, qeyd edib ki, avtomobili Salyan rayon DYP postunda saxlanılaraq duracağa yerləşdirilib.
Məsələyə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi münasibət bildirib.
İdarədən Xeber-ps.com-ın sorğusuna cavab olaraq “Khazar” markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığı təsdiq edilib.
Bildirilib ki, avtomobili dövlət nömrə nişanları olmadan idarə etdiyi üçün Əlimusa İsmayılov BDYPİ əməkdaşları tərəfindən saxlanılıb.
“Yoxlama zamanı Əlimusa İsmayılovun avtomobili hüquqsuz idarə etməsi, habelə saxlanılan avtomobilin üzərində əvvəllər törədilmiş yol hərəkəti qayda pozuntularına görə 1 678 manat məbləğində ödənilməmiş cərimə borcunun olması aşkar edilib.
Bununla yanaşı təəssüf hissi ilə qeyd edilməlidir ki, sürücülük hüququ olmayan Əlimusa İsmayılov beş ay bundan əvvəl bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün barəsində görülən qanunamüvafiq tədbirlərdən düzgün nəticə çıxarmamış, eyni əməllərə yol verməklə özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmaqdan çəkinməmişdir.
Bir daha bütün yol hərəkəti iştirakçılarından yol hərəkəti qaydalarına ciddi riayət etmələrini xahiş edir, insanların həyat və sağlamlıqlarını təhlükəyə atacaq əməllərdən çəkinməyi onların diqqətlərinə çatdırırıq”.
Əzizə İsmayılova