Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatanda ilanı gördüyünü qeyd edib.
Bəs görəsən, ilanların sayında həqiqətən artım varmı? Bu sürünənlərdən necə qorunmaq olar?
Məsələ ilə bağlı Xeber-ps.com-ın əməkdaşı Zoologiya İnstitutuna müraciət edib.
AMEA Zoologiya institutunun əməkdaşı, Quru onurğalıları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov ilanların sayının artmadığını qeyd edib:
“İlanların sayında heç vaxt artım olmayıb. İnsanlar bir müddət görmürlər, xatirələrindən silinir. Qışda çox olmurlar. Sanki qış yuxusunda olurlar. Yaz aylarında isə qışlama yerlərindən çıxırlar. Yem və gizlənmə yeri axtarışında olurlar. Çoxalmaq üçün də ətraf ərazilərə üz tuturlar. Aprel-may aylarında xüsusən gündüz vaxtı ilanlar fəal olurlar. İnsanlar olan ərazilərdə tez-tez rast gəlinir.
Xəzərin daşlıq ərazilərində su ilanları çox olur. İnsanlar da görürlər. Fəallıqları daha yüksəkdir”.
T.İsgəndərov əlavə edib ki, yay aylarında yerin isti səthində ilanlara rast gəlinməyəcək:
“Havalar qızmar olanda ilanlar sərin yer axtarışında olacaqlar. İyun ayında ilanlara gündüzlər yalnız sərin yerlərdə rast gələcəyik. İlanlar dənizkənarı yerlərdə daha çox olurlar. Xüsusən də su ilanlarına daha çox rast gəlinir. Onlar suya yemlənmək üçün gedirlər. Quru əraziyə də çıxırlar.
Qobustanda isti qızmar yerlərdə ilanlar çox olur. Belə yerlərdə maşın saxlanılarsa, ilan maşının içərisində də qala bilir. Hərəkətdə olan maşının içərisinə ilan girə bilməz”.
“İlanlardan qorunmanın yeganə üsulu onların çəkindiyi vasitələrdən istifadə etməkdir. İlanlar kəskin iylərdən çəkinir. Nəfəs alan zaman o iy dözülməz olur. İlanlar qoxu olan yerdən uzaqlaşırlar.
İlanlar titrəyiş və səs-küy olan yerlərdən də uzaqlaşır. Ehtiyatlı olmaq lazımdır”, - deyə T,İsgəndərov qeyd edib.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid