Diplomu 175 ölkədə keçərli olan azərbaycanlı: “Bu təqaüdü qazanmaq üçün iki il dayanmadan oxudum” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu hekayə kənd uşağının karyera yolundakı çətinlikləri, zəhməti, uğurları, dirənişi, mübarizəsindən bəhs edir. O, sosial şəbəkələrdə, mətbuatda ABŞ-nin Texas Universitetində “Fellowship” təqaüdünü qazanan ilk azərbaycanlı dənizçi kimi tanınıb. 2021-ci ildə bu universitetə qəbul olan 32 nəfərdən biri idi. O zaman doğulub, böyüdüyü kənd, rayon onunla fəxr edirdi. İki il gecə-gündüz çalışıb, böyük zəhmətlə əldə etdiyi nailiyyətini başa vurmadan, yarımçıq qoymaq məcburiyyətində qalıb. Amma bu, onun üçün son deyildi. Mübarizəyə sıfırdan başlayır və dənizçilik təhsilini İsveçdə tam təqaüdlə qəbul olduğu Dünya Dənizçilik Universitetində davam etdirir.

“Kaspi” qəzetinin “Örnək” rubrikasının müsahibi dənizçi Emin Sədirovdur. 

Ailəsinin ilk dənizçisi

Biləsuvar rayon Xırmandalı kəndində sadə kəndli ailəsində böyüyüb. Atası bərbər, anası evdar qadın olub. Orta təhsilini Biləsuvarda kənd məktəbində alıb. 2009-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasında dəniz texnikası və texnologiyası ixtisasına qəbul olub. Daha sonra eyni adlı ixtisasda təhsilini magistratura pilləsində davam etdirib. Akademiyada assistent müəllim, baş laborant kimi işləyib.

O bildirib ki, ailə, qohum-əqrəba arasında ilk dənizçidir:

“Ailəmdə dənizçilik təhsilini alan olmayıb. Əslində, mən də dənizçi olacağımı gözləmirdim. Hətta qəbul olduğumu bildikdə, oxumaq istəmirdim. Çünki bu sahənin dərinliyinə bələd deyildim. Təhsil müddətində ixtisasımı kəşf etməyə başladım və gördüm ki, çox maraqlıdır. Məsələn, peşəni icra edərkən dünyanın 175 ölkəsinə səyahət edə bilərsən. Çünki Azərbaycan Dövlət Dəniz Akademiyası beynəlxalq dənizçilik təşkilatına üzv olan ölkələrlə əməkdaşlıq edir və diplomu dünyanın 175 ölkəsində tanınır. Nəinki dənizçi olmaq, bu sahəni xaricdə də öyrənib, dənizçilər yetişdirmək qərarına gəldim”. 

“Akademiyadan müəllimlik təklifi aldım”

O, universitetdə təhsil ala-ala rektorun diqqətini cəlb edib və ona müəllimlik təklif olunub:

“Qiymətləri yüksək, nizam-intizamlı tələbə idim. Yəqin ki, bu, rəhbərliyin diqqətini çəkmişdi. Universitetdə dəniz texnikası və texnologiyası üzrə vakansiya var idi. Amma bu iş təklifi mənim üçün gözlənilməz idi. Təklifi heç tərəddüd etmədən qəbul etdim. Həmin ildən həm akademiyada, həm Dənizçilik kollecində dərslərə cəlb olundum. İşçi heyəti də müəllimlik fəaliyyətimdə mənə dəstək oldu”.

Yüksək rəqabətli universitetə təqaüdlə qəbul 

Emin ABŞ-də təhsil almaq üçün müəllimlik fəaliyyətini yarımçıq qoyub. Texas A&M Universitetində Okean mühəndisliyi üzrə PhD təhsili almaq üçün sözügedən ölkəyə yollanıb:

“Bu təqaüdü qazanmaq üçün iki il dayanmadan oxudum. Açığı, çox çətin idi. Məqsədim ABŞ təhsilini Azərbaycan Dövlət Dəniz Akademiyasında tətbiq etmək idi. Hədəfimə çatmaq üçün əvvəlcə IELTS sertifikatı aldım. Elə bilirdim ki, ən çətin mərhələ budur, getdikcə asanlaşacaq. Sən demə, imtahanlar hələ təzə başlayırmış. Qəbul dövrüm pandemiyaya təsadüf etdiyi üçün imtahanlarım onlayn idi. Ümumilikdə 42 fənn üzrə yazılı və şifahi imtahan verdim. Sonra mənə “Fellowship” təqaüdünü qazanmağımla bağlı elektron məktub gəldi. Əslində, bu universitet ABŞ-da ən xəsis universitet kimi tanınırdı. Onlardan təqaüd almaq çox çətindir. Hətta son üç imtahanı erməniəsilli professorlar götürdüyü üçün qəbulla bağlı ümidlərimi tam üzmüşdüm, çünki məni qəsdən kəsəcəklərini düşünürdüm. Qəribəsi odur ki, ən yüksək qiymətləri də elə erməni professorlar vermişdi”.

“NASA-ya üzv olduq”

Emin hətta bu təqaüdlə NASA-ya da üzv olub:

“ABŞ-də universitetə başladığım dövrdə universitetə gələn NASA əməkdaşları bizi oraya üzv olmağa dəvət etdilər. Bizdə gəmiçilik deyəndə ancaq dənizdə üzən gəmilər başa düşülür. Amma ABŞ-də gəmiçiliyin iki istiqaməti var: kosmik gəmi və dənizləri fəth edən gəmi. Məni kosmik gəmiyə yönəltdilər”. 

“İki illik proses 40 gündə bitdi”

Emin hədəfinə çatmışdı. Həm “Fellowship” təqaüdünü qazanan ilk azərbaycanlı dənizçi idi, həm də NASA-ya üzv olub, kosmik gəmi sahəsində təcrübə keçəcəkdi. Lakin planında olmayan qərarı vermək məcburiyyətində qalıb. İki il davam edəcək olan ABŞ macərası 40 günə bitib:

“Təəssüflər olsun ki, səhhətimdə olan problemlərə görə, təhsilimi yarımçıq qoymaq məcburiyyətində qaldım. İki illik proses 40 gün ərzində bitdi. O vaxt yadımdadır, 12 minə yaxın tələbə bu təqaüd üçün müraciət etmişdi. Seçilən 32 nəfərdən biri idim. Belə bir məsəl var, sən saydığını say, gör fələk nə sayır”. 

“Məcbur qalıb, vətənimə qayıtdım”

Valideynlərinin məsləhəti ilə Bakıya gəlib, müalicəsini Azərbaycanda davam etdirib:

“Xəstəliyimi biləndə, üç gün ailəmdən gizlətdim. Gördüm ki, gizlətməklə öz səhhətimə ziyan verirəm və mütləq müalicə almalıyam. Məcbur qalıb, ailəmə dedim. Mənə dedilər ki, təhsil səhhətindən önəmli deyil. Gəl Azərbaycanda müalicə al, sonra təhsilini davam etdirərsən. Xaricdə, xüsusilə xəstələndikdə yaşamaq çox çətindir. Ailə üzvlərinin çarəsiz anında sənə göstərdiyi qayğının əvəzi yoxdur. Hətta öz ölkəndə ailəndən uzaq yaşasan belə, bizim xalqımız istiqanlıdır, hər çətin anında köməyinə çatan olur. Xaricdə bu şansın yoxdur, hər yer sənə yaddır. Məcbur qalıb, vətənimə qayıtdım”.

“İstənilən ölkədə dənizçi kimi fəaliyyət göstərə bilərəm”

O qeyd edib ki, ölkəyə qayıtdığı üçün “bacara bilmədi”, “universitetdən qovuldu” kimi basqılarla üzləşib. Amma neqativ fikirlər onu gücləndirib və yenidən hədəfinə çatmaq üçün çalışıb:

“ABŞ-də təhsilimi dondurmuşdum, qayıdıb davam edə bilərdim. Amma azərbaycanlı professorlar mənə İsveçdə Dünya Dənizçilik Universitetində dəniz hüququ üzrə təhsil almağımı məsləhət gördülər. Çünki bu ixtisas üzrə xaricdə təhsil alıb Azərbaycanda tədris edəcək kifayət qədər kadr və ya müəllim heyəti yoxdur. Bu proqramın da üstünlükləri çox idi. Tam təqaüd verir, bütün xərcləri qarşılayırdılar. Hətta universitet hüquq və siyasət üzrə magistratura təhsili alan tələbələri Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Dəniz Təşkilatına, Niderland, Almaniya, Filippin, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə yerləşən beynəlxalq hüquq məhkəmələrində təcrübələrə göndərirdi. Bu, mənim üçün çox yaxşı şans idi. Sənədlərimi göndərdim, ilkin prosesdə uğurlu namizəd kimi qiymətləndirildim. Beynəlxalq Dəniz Təşkilatının Koreya təqaüdü ilə İsveçin Malmö şəhərində Dünya Dənizçilik Universitetində dəniz hüququ və siyasəti üzrə magistratura pilləsində tam təqaüdlə təhsil alıram. Hazırda universitet dənizçilik təhsili verən ən reytinqli universitetlərdəndir. Buranın diplomu bütün dünya ölkələri tərəfindən tanınır. Yəni universiteti bitirib dünyanın istənilən ölkəsində bu diplomla dənizçi kimi fəaliyyət göstərə bilərəm”.

“Dəniz hüququnu bu tələbələr tədris edə bilməz”

Təhsil aldığı ixtisasın əhəmiyyətinə gəldikdə isə, o vurğulayıb ki, dəniz hüququ və siyasətinin məqsədi gəmiçilik şirkətlərinin statusunu beynəlxalq arenada tanıtmaq, qorumaq və müdafiə etməkdir:

“Dəniz hüququnu digər hüquq ixtisaslarını bitirən namizədlər, tələbələr tədris edə bilməzlər. Mən də təhsilimi burada bitirib, öz ölkəmdə, tələbələrə bu sahədə tədris etmək fikrindəyəm. Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirən hər bir tələbə bilməlidir ki, qazandığı ixtisas və işlədiyi sahə beynəlxalq müstəvidə hansı hüquqlara malikdir, qlobal olaraq töhfələri nədir və hüquqları necə qorunur”. 

“Ətrafınızda sizə inanan insanlar olmalıdır”

O qeyd edib ki, ilk dənizçilik təqaüdünü qazandıqda sosial şəbəkələrdəki paylaşımlarda sevinib təbrik edənlərlə yanaşı, “yəqin pulu çoxdur” deyənlərə də rast gəlinirdi:

“Mən sadə ailədə böyüyən kənd uşağıyam. İnsanlar düşünür ki, kimsə uğur əldə edirsə, bu, kiminsə sayəsindədir. Mən iki il gecə-gündüz oxuyanda yaşıdlarım öz əyləncələrindən qalmırdılar. ABŞ-yə gedəndə də məhz həmin adamlar dedilər ki, bunun adamı, yaxud pulu var. Bu söhbətlər ailədən gəlir. Ailə və onun ərafında olan insanlar uşağın psixoloji olaraq beyninə yeridirlər ki, uğur qazanan hər bir kəsin mütləq bir dəstək göstərəcək adamı var. Bizdə belə deyildi. İmtahandan kəsilsəm də, aşağı qiymət alsam da ailəm heç vaxt məni motivasiyadan salmırdı. Uğursuz olduqda belə, ailə üzvlərim deyirdilər ki, özünü ruhdan salma, bu dəfə uduzubsan, növbəti cəhdində mütləq qalib olarsan. Ətrafınızda sizi yerə çəkən deyil, sizə inanan insanlar olmalıdır. İstəyirsənsə, mütləq bacaracaqsan. İradənin qarşısında heç nə dayana bilməz”.

“Bir yerdə axtardığımı tapmıramsa, digər yerdə axtarıram”

Uğurunun sirrinə gəldikdə isə, həmsöhbətimiz vurğulayıb ki, onun sirri istədiyini əldə etməyənə qədər əl çəkməməkdir:

“Bir yerdən “yox” cavabı aldımsa, bu o demək deyil ki, mənim üçün hər şey bitdi. Bir yerdə axtardığımı tapmıramsa, digər yerdə axtarıram. Ən əsası, dəfələrlə cəhd edirəm. Məsələn, büdcəm xaricdə təhsil almağa çatmırdı. Bir neçə universitetə sənədlərimi göndərdim. Bəzilər 50, 75 faiz təqaüd təklif edirdilər. Amma mənə təhsil almaq üçün tam təqaüd lazım idi. Çalışdım, əldə etdim”.

0.24238801002502