Xeyrimli kənd sakinləri: “Qayıdacağımız günü səbirsizliklə gözləyirik” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxın 30 ildən artıq işğal altında olmuş və Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və təhlükəsizlik üzrə komissiyalarının əldə etdiyi razılıq əsasında Azərbaycana qaytarılan Xeyrimli kəndinin sakinləri sevinc hisslərini “Report”un əməkdaşı ilə bölüşüblər.

Agentliyin Qərb bürosuna danışan adıçəkilən kəndi sakini Vaqif Kərimov razılaşma barədə xəbəri eşidərkən böyük sevinc hissləri keçirdiyini deyib.

“Biz 1992-ci ilin mart ayında kəndimizdən çıxmağa məcbur olmuşuq və həmin vaxtdan bəri doğma yerimizə qayıtmaq arzusunda idik. Bizim və Qazaxın işğalda olan daha üç kəndinin qaytarılması ilə bağlı əldə olunan razılaşmanı eşidəndə çox sevindik. Mən və ailə üzvlərim bu xəbəri bir bayram kimi qəbul etdik. Sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizə bəxş edən Cənab Prezident İlham Əliyevə minnətdarıq”, - o deyib.

V.Kərimov kəndlərinə qayıdacağı günü gözlədiyini deyib:

“Ata-anamın qəbri olan ata yurduma qayıdıb orada yaşamaq arzusundayam. Allah şəhidlərimizə rəhmət eləsin, onların qanı tökülən torpaqlar bir-bir geri alınır, onların ruhu şad olur”.

Kəndin digər sakini, Tərxan Yusibov isə Xeyrimlidən çıxanda balaca olduğunu, uşaqlıqdan haqqında eşitdiyi kəndə qayıdacağı anı böyük ümidlə gözlədiyini bildirib:

“Mən kənddən çıxanda yaşım az idi, uşaqlıqdan kəndimizə qayıtmaq arzusunda olmuşam. Eşidəndə ki, kəndimiz qaytarılacaq çox xoşbəxt oldum. Allah dövlət başçımızın canını sağ eləsin, onun siyasəti nəticəsində biz bu gün bu sevinci yaşayırıq”, - deyə kənd sakini deyib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

0.25867605209351