Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib.
Xeber-ps.com xəbər verir ki, müraciətdə bildirilib:
“Bakı şəhərinin mərkəzi küçə və prospektlərində olan işıqforlar birbaşa Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur və müşahidə kameraları vasitəsilə yollara nəzərət edilir. İşıqforların iş rejimində problem yarandıqda kameraların köməyi ilə qeydə alınır və aradan qaldırılması üçün texniki əməkdaşlar əraziyə göndərilirlər.
Lakin bəzi hallarda kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən işıqforlarda texniki səbəblərdən və ya yol-nəqliyyat hadisələri nəticəsində nasazlıq yaranır və bunu dərhal aşkar etmək mümkün olmur.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən işıqforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər”, - deyə, müraciətdə qeyd edilib.