Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb.
Azərbaycan Boks Federasiyasından Xeber-ps.com-a verilən məlumata görə, 48 kiloqram çəkidə mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.
O, finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər üç raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycanın Dövlət Himnini səsləndirib.
Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında Ömər Aslanlı (54 kiloqram) Maksim Çekinlə (Ukrayna) üz-üzə gələcək.