Azərbaycan millisinin baş məşqçisi: “Komandanın fiziki hazırlığından razı deyiləm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Komandanın fiziki hazırlığından razı deyiləm”.

Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, bunu millinin baş məşqçisi Vitali Borisov deyib.

41 yaşlı mütəxəssis Bakıda təşkil olunan təlim-məşq toplanışı barədə danışıb: “Hazırlığa cəlb etdiyimiz oyunçuların hər biri fərqli klublarda məşq edirlər. Fiziki hazırlıqları bir o qədər yaxşı deyil. Əvvəllər toplanışa dəvət etdiyimiz futzalçıların əksəriyyəti “Araz-Naxçıvan”da çıxış etdikləri üçün məşqləri bir-birinə uyğun gəlirdi. Lakin indi 4 fərqli klubda top qovan oyunçular bir araya toplaşıblar. Əksəriyyəti də gənclərdir”.

V.Borisov heyətlə bağlı yekun qərarın bu gün veriləcəyini bildirib: “Hazırlığa 17 futzalçı cəlb olunub. Onlardan 3-ü Gürcüstan millisi ilə yoldaşlıq oyunları üçün Tbilisiyə aparılmayacaq. Hazırda komandada əhval-ruhiyyə yüksək səviyyədədir”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.

0.10400104522705