Nizami Rəmziyə görə ailəsi dağılan, zirzəmidə yaşayan məşhur müğənni - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qızımla çoxmərtəbəli binanın zirzəmisində kirayədə yaşayıram. Qışda nəmişlikdən, yayda isə havasızlıqdan əziyyət çəkirik. Heç kimdən kömək görmürəm. Gözüm yollarda qalıb ki, bəlkə kimsə qapını döyüb, nəsə ərzaq gətirər. Vaxtilə İzzət Bağırov mənə yardımlar edirdi. 7-8 il bundan əvvəl. İndi ondan da xəbər yoxdur. Allahın acı bir soğanını da verən yoxdur. Yaşayışım çətindir, aldığım cüzi pensiya ilə dolanıram. Buna dolanmaq demək olmaz. Sürünürəm”

Bunu Moderator.az-a bir zamanların məşhur müğənnisi, meyxanaçı Nizami Rəmzi ilə duet ortağı olan Samirə Vahabova deyib. O daha sonra əlavə edib.

“İndiki ağlım olsaydı, müğənnilik sənətini seçməzdim. Kim deyə bilərdi ki, bu günə düşəcəyəm?! Kişi kollektivlərində çalışırdım, toylara gedirdim. Nizami Rəmzi ilə gedirdim. Mənə bacı gözü ilə baxırdı. Yaxşı pul da qazanırdıq. Özümə bir gün ağlaya bilmədim. Sənət mənə heç nə vermədi. Nə məşhurluq, nə pul, nə də hörmət. Bu gün televiziyaları izləyirəm. Fərqli səsi, görünüşü olan müğənni yoxdur. Hamı bir-birinə bənzəyir. Bizim mahnıları oxuyub məşhurlaşırlar. Bir dəfə adımızı da çəkmirlər ki, bunu Samirə ilə Nizami oxuyub. Elə oxuyurlar ki, elə bil o mahnıları Nizami yox, onların atası yazıb. Nizami məni toylarda qoruyurdu. Heç kəs mənə pis gözlə baxmırdı. Nizaminin üç yoldaşı olub, amma heç biri məni ona qısqanmayıb”, - deyə müğənni bildirib.

Samirə Vahabova acınacaqlı şəxsi həyatından da danışıb.

“Nizami Rəmzi ilə toylara getdiyimə görə həyat yoldaşım məndən ayrıldı. Bir uşaqla məni qoyub getdi. Ev-eşik əlimdən çıxdı. Aclıq-susuzluq yaşadım. Dedi ki, mənə toylara gedən qadın lazım deyil. Tək yoldaşım yox, elə qohumlar da məndən imtina etdilər. Filarmoniyada konsertimiz olurdu. Rusiyaya qədər birlikdə qastrol səfərlərinə gedirdik. Hər toya gedəndə mənə deyirdilər ki, sənin atan, qardaşın yoxdur ki, düşmüsən Nizaminin izinə?! Özümdən küsmüşəm, Nizamidən küsməmişəm. Nizamidən sonra demək olar ki, mən də “öldüm”. Məktəbdə süpürgəçi, kafedə xadimə işlədim. Amma yaş həddinə görə məni işdən çıxardılar. İndi ehtiyac içərisində həyatımı sürürəm. Ramazan ayıdır, ümidim qalıb fitrə pullarına. Bəlkə də sizin vasitənizlə mənə yardım edərlər”, - deyə o bildirib.

0.060537815093994