Məcburi səfərdə infeksiyaya yoluxdu, son əsərini xəstəxana divarına yazdı - Asəf Zeynallının doğum günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli romans, piano və simfonik musiqinin banisi Asəf Zeynalabdin Zeynallının doğum günüdür.

Xeber-ps.com xatırladır ki, o, 1909-cu ildə Dərbənd şəhərində dünyaya göz açıb.

A.Zeynallı 1923-26-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəylinin sinfini bitirib.

Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir.

O, həmçinin, türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, X.Nəzirli və S.Rüstəmin “Alov”, A.Həmidin “Hind qızı”, V.Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələyib, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnısını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur.

1932-ci ildə Asəf Zeynallı Bülbüllə birlikdə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunub. Ezamiyyətə getmək istəməyən A.Zeynallı başladığı əsəri bitirmək istədiyini bildirsə də, istəyi nəzərə alınmayıb.

Qarabağa səfəri zamanı orada qarın yatalağına yoluxub. Vəziyyəti ağırlaşan bəstəkar müalicə almaq üçün Bakıya qayıtmalı olub.

Xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazıb və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edib. Mənbələrin yazdığına görə, təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirməyib.

Unudulmaz Azərbaycan bəstəkarı Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də dünyasını dəyişib və Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. Sonralar onun qəbri “Qurd qapısı” qəbiristanlığına köçürülüb.

0.062700033187866