İran Rusiyanı “barıt”la qidalandırır: Gözlənilən hadisələr - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbin total sanksiyaları altında olan iki ölkə - Rusiya və İran - hərbi əməkdaşlığı dərinləşdirir.

Bundan əvvəl Rusiya ordusunu döyüş dronları ilə təchiz edən İranın indi də Rusiyaya 400-ə yaxın ballistik, o cümlədən 700 kilometr məsafədəki hədəfləri vura bilən raketlər tədarük etdiyi haqqında məlumatlar yayılıb.

Müharibədə ballistik raket sistemlərindən istifadə gözlənilməz geosiyasi performans haqqında çox şey öyrənməyə imkan verir.

Bu səbəbdən demək olar ki, İran Rusiyanın Ukraynada apardığı hərbi kampaniyada geosiyasi məqsədlər güdür və Moskvanı silahla təchiz etməklə bu mövqeyini bərkidir.

Hərçənd, hələ də tam aydın deyil ki, İran Rusiyaya yardım kampaniyasının müqabilində ondan hansı güzəştlər istəyir.

Bununla belə, bəzi hadisələr məsələnin məğzini aça bilər. Belə ki, İranın Yaxın Şərqdə genişlənmə siyasəti, İraq və Suriyada ABŞ-ni “boğmaq” cəhdləri Rusiya üçün əlverişli görünür.

Üstəlik, İran və Rusiya çox uzun müddətdir ki, əsasən, Suriyadakı müharibə ilə daha da intensivləşən təhlükəsizlik münasibətlərinə malikdirlər.

Prosesin ardınca İsraillə HƏMAS arasında genişmiqyaslı müharibənin başlanması İrana alternativ proksi qüvvələr formalaşdırmağa imkan verir. Böyük ehtimalla bu işdə Rusiyadan İrana dəstəklər nümayiş etdirilir, hərçənd ki, Moskva bu təyinatını İsraillə əlaqələrə ehtiyatlı yanaşmadan ayırmır.

İranın Rusiyadan güzəşt sahəsi qoparmaq istədiyi başqa bir region Cənubi Qafqazdır, ancaq bu bölgədə Moskvanın Tehrana çox qol-qanad verəcəyi inandırıcı görünmür.

Göründüyü kimi, İranın Rusiyaya silah ixracı ikitərəfli hərbi-texniki əməkdaşlığın sərhədini keçərək daha tutumlu geosiyasi məqsədlərə xidmət edir.

İran Moskvaya raketlər ötürməklə regional və planetar miqyaslı gözlənilən böyük dəyişikliklərin içərisinə güclü aktor qismində daxil olmağı hədəfləyir.

Deməli, İranın Rusiya ilə hərbi əməkdaşlığının geosiyasi sıçrayış variantı Qərblə İslam Respublikası arasında gərginliyin yeni mərhələsinin mümkün başlanğıcı deməkdir.

Onsuz da, Qərb İranın silah trafikindəki aktiv hərəkətlərinin qiymətləndirməsini apararkən Tehranı bir çox beynəlxalq normaları pozan təxribatçı əməllərdə ittiham edir.

İranın Rusiyaya bu səviyyədə silah ötürməsi isə Qərbin “Tehran ssenarisi”ni yenidən işləyib-hazırlayacağı ilə nəticələnə bilər.

Hər bir vəziyyətdə dəyərləndirmə belədir ki, İranın Ukrayna kimi yüksəkintensivlikli münaqişədə iştirakı regional təhlükəsizliyi başqa xarakterli sınaqla üz-üzə qoyacaq. 

Ona görə ki, İran silah transferlərini çəkindirici akt kimi qəbul etdirməyə çalışdıqca Qərb sisteminin buna müqavimət gücü artacaq.

İran dəstəklədiyi husi hərəkatı vasitəsilə Qırmızı dənizdə dünya ticarət damarlarını kəsmək cəhdi fonunda Qərbin diqqətini yayındırmağa həvəslidir.

Bunun mənalandırması belə ola bilər ki, Qərb də İranın diqqətini parçalamaq üçün adekvat cavablar hazırlayacaq və yeni münaqişələr qaçılmaz olacaq.

Aqşin Kərimov

0.21061491966248