Paşinyan Fransanın diktəsi ilə oturub-durur - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan xüsusilə Münhen Təhlükəsizlik Konfransındakı görüşdən sonra Azərbaycana qarşı təxribatçı çıxışlar səsləndirib.

Bu fikirləri “Report”a politoloq İlqar Vəlizadə deyib. O qeyd edib ki, əslində Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında daha konstruktiv danışıqlar olub:

“Lakin N.Paşinyan son çıxışları ilə danışıqların üstündən xətt çəkməyə çalışır. Bu, o deməkdir ki, Paşinyan əslində Fransanın diktəsi ilə oturub-durur. Çünki o, məhz Fransada olarkən Azərbaycana qarşı fikirlər səsləndirib.

Ermənistan baş nazirinin müsahibəsinə nəzər saldıqda Azərbaycanla yox, daha çox Rusiya ilə bağlı məqamların diqqət çəkdiyini görərik. Belə anlaşılır ki, Ermənistan bu dəfə Fransanın əlində alətə çevrilib və Rusiyanın dəstəyini rəsmi Parisin köməyi ilə əvəzləmək niyyətindədir”.

Politoloq hesab edir ki, Ermənistan tərəfi növbəti dəfə vəziyyəti mürəkkəbləşdirir:

“Hər zaman olduğu kimi, Azərbaycan və Ermənistan arasında müsbət addımlar atılanda və ya buna zəmin yarananda Ermənistan tərəfi destruktiv mövqedən çıxış edir, prosesi pozmağa çalışır.

Keçmiş illərdə bu cür təxribatçı fikirləri digər dairələr və ölkələrin istəklərini yerinə yetirmək məqsədilə səsləndirilirdi. İndi də açıq görünür ki, Paşinyanın Parisdəki görüşdən sonra belə bəyanatlarla çıxış etməsində Fransa rəhbərliyinin rolu danılmazdır”.

Tarixdə ilk dəfə olaraq, Ermənistanın müdafiə nazirinin böyük heyətlə Fransaya getdiyini xatırladan İlqar Vəlizadənin fikrincə, bu o deməkdir ki, Fransa Ermənistana hərbi siyasi dəstək verir:

“Nikol Paşinyan bu dəstək vədinə dayanaraq, təxribatçı çıxışlar edir. Halbuki belə çıxışlar regionun stabilliyinə xələl gətirə bilər.

Açıq sezilir ki, regionda geosiyasi rəqabət yaşanır. Ermənistan Fransanı regiona gətirir, Rusiyaya alternativ olaraq görür. Azərbaycana qarşı ittihamlar isə bu məsələdə bəhanədir. Guya ki, Ermənistana qarşı təhdidlər mövcuddur, Rusiya İrəvanı müdafiə etmir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı qorumur. Ona görə, Fransa regiona gəlir. Bu proses Fransa üçün də bəhanədir ki, Ermənistanın təhlükəsizliyini qorumaq adı ilə regiona gəlsin”.

Bu görüntünün kənd teatrında nümayiş olunan bəsit tamaşaya oxşadığını vurğulayan ekspert Ermənistanın növbəti dəfə xarici ölkələrin əlində alətə çevrildiyini diqqətə çatdırıb. İ.Vəlizadə deyib ki, müstəqil siyasət yürütmək iqtidarında olmayan Ermənistan Rusiyanın əlində qonşu ölkələrə qarşı alət idi, hazırda isə Fransa tərəfindən Azərbaycana və Türkiyəyə təsir üçün istifadə edilir. Bu, Ermənistanın ənənəvi roludur.

“Reparasiyalar və Ermənistanın addımlarına qarşı Azərbaycanın tədbirlərinə gəlincə, kifayət qədər çox addım atmaq mümkündür. Ermənistana qarşı reparasiya tələbinin qaldırılması belə məsələlərdən biridir. Amma təkcə bununla kifayətlənmək lazım deyil. İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Xocalıda davamlı yeni məzarlıqlar aşkar edilir. Bütün bunlar bəşəriyyətə qarşı törədilmiş cinayətlərdir. Həmin cinayətkarlar isə hələ də azaddırlar. Soyqırımların arxasında təkcə ayrı-ayrı şəxslər yox, Ermənistan dövləti, onun işğalçı siyasəti dayanır. Həmin məzarlıqlar, soyqırımları, kütləvi qırğınlarla bağlı da ayrıca məsələ qaldırılmalıdır, ciddi araşdırılmalıdır. Ermənistan dövlət olaraq bunlara görə də cavab verməlidir. Ermənilərin törətdikləri soyqırımlarının siyasi cavabları olmalıdır”.

Xatırladaq ki, N.Paşinyan fevralın 22-də “France 24”ə müsahibəsində Azərbaycana qarşı iddialarla çıxış edib və sülhün təmin olunmamasına görə rəsmi Bakını ittiham edib.

9.2247679233551