Prezidentin İlham Əliyevin andiçmə mərasimində dedikləri ilə bağlı 7 fevral seçkilərində prezidentliyə namizəd olan Fuad Əliyevin fikirlərini öyrəndik.
Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev dövlət başçısının daxilə və xaricə yönəlik çox ciddi mesajlar verdiyini söylədi:
“Dövlət başçısı andiçmə mərasimindəki çıxışında bir neçə istiqamətə toxundu. Çox maraqlı fikirlər səsləndirdi. Azərbaycanın gələcəyi, ölkənin daxili və xarici siyasəti ilə bağlı danışdı. Daxildə ictimai nəzarətin gücləndirilməsi barədə bizi də maraqlandıran fikirlər səsləndirdi. Digər toxunduğu məsələlər də çox maraqlı idi. Gənclərlə, Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa-quruculuq işləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı həm də hər kəsi maraqlandıran məqamlara toxundu. Bir maraqlı fikir də cənab Prezident səsləndirdi ki, bizi maraqlandıran Türk xalqlarının ailəsidir, orada fəaliyyətimizi davam etdirəcəyik, gücləndirəcəyik. Bununla ölkə başçısı həm də Azərbaycanın gələcəyi ilə bağlı hədəflərini, yürüdəcəyi siyasəti açıqladı. Bir sözlə, çox önəmli mesajlar verildi. Cənab Prezident həm də o mesajı verdi ki, əgər Ermənistanın arxasında bəzi Qərb ölkələri durursa, bizim arxamızda da Türk Dövlətlərinin Birliyi durur. Sözsüz ki, dövlət başçısı necə bir prosesin getdiyi barədə hamımızdan məlumatlıdır. Qərb paytaxtlarında ölkəmizə qarşı hansı təxribatların hazırlandığını ölkə başçısı çox gözəl bilir. Məhz ona cavab olaraq, andiçmə mərasimində öz mesajlarını ünvanı olan nöqtələrə çatdırdı. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, biz istənilən təxribatın qarşısını alacağıq, heç kimdən çəkinmirik. Ermənistana aid də bir sıra fikirlər çıxışda səsləndirildi. İlham Əliyev qeyd etdi ki, sülh müqaviləsi bağlamaq istəməsələr belə, biz öz işimizi görürük. Hərbi sahədə durmadan daha da gücləndiyimizi cənab Prezident qeyd etdi. İqtisadi layihələr baxımından qonşu və digər ölkələrlə maraqlarımızı həyata keçirdiyimiz barədə də fikirlər səsləndi. Uduzan tərəfin yenə Ermənistan olacağı bildirildi. Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. Bunun üçün də konstitusiyasını dəyişməlidir. Ali Baş Komandan bu barədə də fikirlərini səsləndirdi. Əgər bunlar sözdə yox, əməldə Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyəyə ərazi iddialarından əl çəkmək istəyirlərsə, ilk növbədə, konstitusiyanı dəyişməyə məcburdurlar. Çünki orada hər iki qardaş ölkəyə qarşı ərazi iddiaları ilə bağlı müddəa yer alır. Zatən həmin maddələr götürülmədən sülh müqaviləsi mənasız və məntiqsizdir”.