Regional fəlakətin səbəbkarı: Ermənistan yerli QHT-lərə total hücuma start verib - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın işğal etdiyi ərazilərində təbii sərvətlərə və ətraf mühitə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub. Bu illər ərzində işğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində həm yerli, həm də müxtəlif xarici şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb və talan edilib. Həmin ərazilərdə ətraf mühitə vurulan ziyan, regionda ekoloji tarazlığın pozulmasına da səbəb olub. Nəticədə Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri ilə separatizmə son qoyulmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Rəsmi Bakı ilk günlərdən Ermənistanın işğaldan azad edilən ərazilərdə yol verdiyi fəlakətin beynəlxalq səviyyədə tanınması üçün genişmiqyaslı kampaniyaya start verib. Ermənistan tərəfindən çayların çirkləndirilməsindən tutmuş Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı bütün təhlükələri qabardıb. Rəsmi, eləcə də ekoloq və ekspertlər səviyyəsində, xüsusən də AES-in dünyanın ən təhlükəli elektrik stansiyalarından biri olduğu bəyan edilsə də, tələblərə reaksiya olmayıb. Ermənistan stansiyanı bağlamaqdan imtina edir.

Eləcə də, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları da dəfələrlə Ermənistana ünvanladıqları məktublarda bu ölkədə aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulması, ekoloji böhranla əlaqədar narahatlığını ifadə edib. Bu yaxınlarda da 22 ölkədən 49 QHT və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb. İrəvanın beynəlxalq qanunların tələblərini ciddi şəkildə pozduğu vurğulanıb.

Yeri gəlmişkən, Azərbaycanın başlatdığı bu kampaniya Ermənistanda ciddi rezonans və dəstək toplayıb. Qonşu dövlətdə müxtəlif qeyri-hökumət təşkilatları azərbaycanlı həmkarları ilə həmrəylik nümayiş etdiriblər. Rəsmi İrəvan da bunu cavabsız qoymamaq qərarına gəlib. Ermənistan hakimiyyəti ölkədə ekoloji problemlərlə məşğul olan yerli qeyri-hökumət təşkilatlarına qarşı total hücuma start verib. Onlara qarşı hər cür ittihamlar səslənib, hətta Azərbaycana xidmət etməkdə ittiham ediliblər. İrəvanda dərc olunan “Hraparak” nəşri də bu ittihamların başında dayanır. Qəzet yazır ki, “məhz yerli qeyri-hökumət təşkilatlarının hesabatlarından sonra Azərbaycan Ermənistan iqtisadiyyatına qarşı total hücuma keçib”. Əlavə edilib ki, “rəsmi Bakı bu kampaniyanı beynəlxalq məhkəmələrdə xüsusi aktivliklə həyata keçirir. Bütün iddialarında da Ermənistanın ətraf mühiti çirkləndirdiyi xüsusi vurğulanır. Bizdən mədənləri istismar etməməyi tələb edirlər. Bu mədənlər isə əsas vergi ödəyicilərimizdir”.

Erməni nəşri onu da iddia edib ki, “azərbaycanlılar onların şaxtalarına, iş yerlərinə daxil olur. İstinad etdikləri əsas faktlar isə erməni QHT-lərinin hesabatlarıdır”. Sonda qeyd edilib ki, “Azərbaycan sabah Cermuxa atəş aça və əsas kimi də Amuldağ (Amulsar) mədəninin Azərbaycan ərazilərini çirkləndirdiyini ortaya ata bilər. İstinad kimi də bizim QHT-lərin hesabatları əsas götürülə bilər. Bir başqa gün Qacaranı ələ keçirə bilər. Və yaxud beynəlxalq cəmiyyət bizdən şaxtaların bağlanmasını tələb edə bilər. Bu halda QHT-lərimiz belə nəticələrə görə məsuliyyət hiss edərlərmi”.

Hakimiyyətin sifarişi ilə digər bir təşkilat - Ermənistan Mədənçilər və Metallurqlar İttifaqı da baş verənləri ölkənin mədən sənayesinin hədəfə alınması cəhdi adlandırıb. “Ermənistanın hüdudlarından kənarda və daxilində dezinformasiya, böhtan və saxta ittihamların yayılmasından dərin narahatlığımızı bildiririk, bu, respublikada iqtisadi sabitliyə ciddi təsir göstərə bilər”, - deyə ittifaqın yaydığı bəyanatda deyilir.

“Biz Ermənistanın ekoloji təşkilatlarında bu dəyişiklikləri, onların bunu təşviq edəcəyini gözləmirdik, ən azından, ümid edirdik ki, onlar sırf milli maraqlar əsasında ehtiyatlı davranacaqlar və Azərbaycanın Ermənistanı “regional fəlakət” kimi təqdim etmək kimi siyasi məqsədlərinin reallaşdırılması prosesini dəstəkləməyəcəklər”, - deyə bəyanatda vurğulanır.

Təşkilat hesab edir ki, Azərbaycan hər vasitə ilə Ermənistanın iqtisadiyyatını zəiflətməyə çalışır. Misal kimi də Arazdəyən (Yerasx) Metallurgiya Zavodu layihəsini yada salıb:

“Azərbaycan bütün resurslarını bu layihənin dayandırılmasına sərf etdi, bu da zavodun köçürülməsinə səbəb oldu və bu da iqtisadiyyatımıza milyonlarla dollar ziyan vurdu”.

Bildirilib ki, “azərbaycanlıların hədəfində hazırda Metsamor AES, Qafan, Qacaran zavodları, hələ də fəaliyyətsiz olan Amuldağ (Amulsar) mədəni, Ararat Qızıl Zavodu və Tequut də var. Onlar bütün məlumat və hesabatlarında Ermənistanın QHT sektorunun nümayəndələrinə istinad edirlər”.

Beləliklə, Ermənistan hakimiyyəti yenə öz ampluasındadır, azad sözə, regionda sülh və əməkdaşlığa təkan verəcək hallara qarşı çıxmaq xəttinə sadiq olduğunu nümayiş etdirməkdədir. İrəvan bölgənin ekoloji rifahına çalışmaqdansa, ona qarşı çıxmaqdadır.

“Report” İnformasiya Agentliyi

0.099397897720337