Azərbaycanlı qızla ingilis oğlanın xoşbəxt ailəsi - “Kaspi”nin “Ailə” rubrikası + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yəqin ki, çoxumuz sosial şəbəkələrdə Azərbaycan dilində danışan ingilis vətəndaşı və onun azərbaycanlı həyat yoldaşını görmüşük. Bu cütlük - Tomas və Röyalə Amiral Moody ailəsidir. Onlar özlərini “Anglobaijani” adlandırırlar. 2011-ci ildən ailəli olan bu cütlüyün Əsgər, Elizabet və Osman adında üç övladı var. Bu ailə sosial şəbəkələrdə Azərbaycan mahnıları ifa etmək, rəqslərimizi oynamaqla məşhurdur. Tomasın atası Geof da bəzən onlara qoşulur.

Beləliklə, “Kaspi” qəzetinin “Ailə” rubrikasının növbəti qonaqları Tomas və Röyalədir.

“Ailəm qarşısında evlilik təklif etdim”

Röyalə deyir ki, Tomasla münasibətlərinin başlamasına Azərbaycan səbəb olub: “Mən universiteti bitirdikdən sonra Tomasla eyni şirkətdə işləməyə başladım. Orada tanış olmuşuq. İlk söhbətimiz Tomun Azərbaycan haqqında məlumatlı olması ilə bağlı idi. 12-13 il əvvəl əcnəbilər ölkəmiz haqqında az məlumatlı idilər. Amma Tomun məlumatlı olması məndə maraq oyatmışdı. Tomun anası da həmin şirkətdə işləyirdi. Biz özümüz danışdıqdan, dostluğumuz başladıqdan sonra anası ilə də tanış oldum. Gördüm ki, yaxşı insanlardırlar və bundan sonra münasibətlərimiz daha da ciddiləşdi”. 

Tomas isə Röyaləni görən kimi ona aşiq olub: “Çox gözəl idi. Tanış olanda gördüm sevgi dolu, çox mehriban insandır. O vaxta qədər gördüyüm ən gözəl insan ola bilər. Hələ də elədir”.

Tomasın sözlərinə görə, valideynləri Röyaləni iş yerində görmüşdülər deyə, hansısa problem yaratmayıblar: ”Anam və atamla dostlaşmışdı. Biz “Avroviziya” müsabiqəsinə baxırdıq, oradan Azərbaycan haqqında eşitmişdik. Anama da Azərbaycan haqqında danışmışdı. Evlənmə təklifini də anam və atamın qarşısında etmək istədim. Amma bilirdim ki, Azərbaycanda qadınlara evlilik təklifi etməzdən əvvəl gərək onların böyüklərindən razılıq alasan. “Skype” vasitəsilə qardaşına zəng etdim, ondan soruşdum. O razılıq verəndən sonra anam, atam və qardaşımın qarşısında nənəmdən qalma üzük ilə evlilik təklif etdim”.

“Düşündüm ki, yəqin zarafat edir”

Röyalə üçün isə hər şey bu qədər asan olmayıb. Deyir ki, Tomas xarici vətəndaş olduğu üçün anası çox narahat olub. Amma tanıdıqdan sonra fikirləri tamamilə dəyişib: “Tom evlilik təklif etməmişdən əvvəl mən ailəmə danışmışdım. Çünki onların razılığı olmadan heç bir ciddi qərar verə bilmərəm. Evdə öncə fikirləşdilər ki, başqa millətin nümayəndəsidir, görəsən necə olar? Amma Tomu tanıyandan sonra hər kəs “mütləq razılaşmalısan” dedi. 2011-ci ildə ailəmi görməyə Bakıya tətilə getmişdim. Tomas mənə yazdı ki, o da gəlmək istəyir. Düşündüm ki, yəqin zarafat edir, viza prosesləri çox uzun çəkər. Bir gün keçəndən sonra vizasının şəklini göndərdi ki, sabah gəlirəm. Səhər gəldi və ailəmlə tanış olmaq istədi. İlk görüşdən bir-birilərini çox yaxşı başa düşməsələr də, Tomu çox sevdilər. O vaxtdan anam ona Azərbaycan dilini öyrətməyə başladı, yeməklərimizi sevdirdi. İnsanların mehriban olmağını görüb Tom da sevdi. Sonra Tomun ailəsi ilə bacılarım, qardaşım tanış oldular. Qardaşımdan sonra anam İngiltərəyə gəldi. Anam da onun anasını, atasını çox sevdi. Görən kimi “çox gözəl ailədirlər”, - dedi”. 

Tomas: “Ən yaxşısı Azərbaycan toylarıdır”

Tomas deyir ki, öz toylarına qədər Azərbaycan toyları haqqında məlumatı olmayıb: “Amma indi buradakı toylara gedəndə aş, kabab axtarıram (gülür). Bakıda toylarda süfrə yeməklə dolu olur, insanlar rəqs edir, hamı ən yaxşı paltarını geyinib gəlir. Burada insanlar rəqs etmirlər, yeməklər də çox olmur. Ən yaxşısı Azərbaycan toylarıdır”.

Cütlüyün toylarındakı rəqsi də gündəm olmuşdu. Röyalə deyir ki, Tomas rəqslərimizi çox sevir: “Tom rəqslərimizi toy videolarımızdan baxıb öyrənirdi. Toyumuza qədər həyəcandan rəqsimizi unutmuşdum, heç oynamağı düşünməmişdik. Əvvəldən də hazırlaşmamışdıq. Toyda Tom özü oynamağa başladı. Bir də baxdım ki, Azərbaycan rəqsi oynayır. Hətta Tomun atası və anası da Azərbaycan rəqsi oynamağa başladı. Hamısı necə oynamaq lazımdır bilirmiş”...

“Azərbaycan mənim üçün çox doğmadır”

Bəzən insanlar yazırlar ki, yəqin həyat yoldaşı Azərbaycanı sevməyə məcbur edib. Amma Tomasın sözlərinə görə, o özü Azərbaycanı tanıdıqca çox sevib: “Azərbaycanın insanları çox mehriban, qonaqpərvər, çalışqandırlar. Azərbaycan mənim üçün çox doğmadır. Oraya gedəndə özümü çox rahat hiss edirəm. Hamı istəyir ki, kömək etsin. İnternetdə “başqa millətsənsə Azərbaycanda ehtiyatlı olmaq lazımdır” yazılır. Azərbaycana gedəndə isə gördüm ki, bunların heç biri düzgün deyil. Azərbaycan dünyada ən təhlükəsiz ölkələrdən biridir”.

“Tətildə Azərbaycana gedin” deyir

Röyalə də deyir ki, Toma Azərbaycan haqqında xüsusi məlumatlar verməyib: “İstədim özü araşdırsın. Hər dəfə Azərbaycana gedəndə rayonlarımıza apardım. Qohumlarımıza qonaq getdik. Toyumuzdan sonra bal ayına Qəbələyə getdik, bir həftə orada qaldıq. Naxçıvan, Şuşa, Şəki, Lənkəran, Zaqatala, Xaçmaz, İsmayıllıda olmuşuq. Getdiyimiz hər yerdə insanların mehriban olmağına görə, Azərbaycanı sevməyə başladı. Burada insanlar da ölkəmiz haqqında soruşanda deyir ki, Azərbaycan rahat və təhlükəsiz ölkədir. Tətilə başqa ölkələrə yox, Azərbaycana gedin”. 

“Şuşanın qəlbimizdə xüsusi yeri var”

Tomas bütün rayonlarımızı bəyənir: “Hər rayonun öz gözəlliyi var. Şəki, Lənkəranın dağları çox gözəldir. Şəkini çox sevirəm. Naxçıvan isə mənim üçün xüsusidir. Çünki Röyalə orada böyüyüb. Məni oxuduğu məktəbə apardı, uşaqlıqda oynadığı məhəlləni, yaşadığı binanı göstərdi. Bir də Şuşaya gedəndə hisslərim tam başqa oldu. Hər küçədən qürur hissi ilə keçirdim. Çünki hər küçədə şəhidləri xatırlamamaq mümkün deyil. Şuşanın qəlbimizdə xüsusi yeri var”.

Bayrağımızı qoluna tatu etdirən ingilis

Cütlüyün rayonlarımıza səfərləri zamanı maraqlı hadisələr də yaşanıb. Röyalə deyir ki, hər dəfə başqa rayona gedəndə yol kənarında müxtəlif məhsullar satan insanlarla tanış olublar: “Tomas hər dəfə yeni bir insanla tanış olurdu. İnsanların hörmətinə, “bu da bizdən pay olsun” deməyinə şok olmuşdu. Başqa ölkədən gəldiyinə görə elə düşünürdü ki, şəhərdən kənara çıxanda özünü narahat hiss edər. Amma gördü ki, rayonlardakı adamlar daha mehribandırlar. Balaca da olsa hədiyyə verməyə cəhd göstərirlər ki, Azərbaycandan xoş təəssüratla qayıtsın. Bundan sonra ölkəmizi o qədər sevib ki, hətta qoluna bayrağımızı tatu da etdirib”.  

Azərbaycan dilində bəzi vətəndaşlarımızdan daha yaxşı danışan Tomas bildirir ki, dilimizi sevir və öyrənmək istəyir: “Hər həftə dil öyrənməyə vaxt ayırırıq. Burada türk supermarketi, ya da restoranı görən kimi orada Azərbaycan dilində danışmağa, əlaqə qurmağa çalışıram”. 

Mən ona “Tomun qurban”, o da mənə “maman qurban” deyir

Röyalə sosial şəbəkələrdə məşhur olan Geof babadan da danışdı: “Uşaqlar hər iki dili də eşidirlər. Dilimizdə danışmağa çalışırlar, amma hələ ki qısa cümlələr qururlar. Qarabağ məktəbində Azərbaycan dilində təhsil alırlar. Evdə Tomasla daha çox Azərbaycan dilində danışmağa çalışırıq ki, həm uşaqlar, həm o, həm də anası və atası öyrənsinlər. Qayınatamda Azərbaycana, dilimizə maraq əvvəl də var idi. Amma bir yerdə yaşamağa başlayandan sonra bir gün dedi ki, mən də öyrənmək istəyirəm. Qızım, oğlum, bir də qayınatam Azərbaycan dili dərslərinə qoşulurlar”.

Tomas deyir ki, Röyalənin anası da möhtəşəm insandır: “Mən ona “Tomun qurban”, o da mənə “maman qurban” deyir. Hər dəfə onu qarşılamağa gedəndə Azərbaycan mahnısını oxuyuram. Mənə rəqs etməyi öyrədir, bir yerdə rəqs edirik”. 

Tomas: “Azərbaycan rəqslərinin hamısı gözəldir”

Bu ailənin rəqsləri bütün sosial platformalarda məşhurdur. Yeznənin sözlərinə görə, ən sevdiyi Azərbaycan mahnısı “Sarı gəlin”dir: “Səndən bir dənədir” mahnısını da sevirəm. Murad Arifin mahnılarını xoşlayıram. Evdə bu mahnıları çox tez-tez dinləyirik. “Naz eləmə” rəqsini sevirəm. Ümumiyyətlə, Azərbaycan rəqslərinin hamısı gözəldir. Hər həftəsonu qızımızın rəqslərinə baxmağa gedirəm. Amma kişilərinizin rəqsi çox cəlddir. Mən ancaq əl-qol hərəkətlərini edə bilirəm. “Fəryad” filmini çox sevirəm”.

Röyalə deyir filmləri bir yerdə izləyirlər: “Qayınatam daha çox maraq göstərir. “Qatarda” tamaşasına, “Ulduz”, “O olmasın, bu olsun” filmlərinə baxıb. “Arşın mal alan”ı da çox sevir. Bir də “Qaynana” filmini izləmişik. Qayınatam oradan mənə xüsusi bir mahnı hazırlamışdı. Qayınatam musiqiçilərdən Sami Yusifi, bir də Yaqub Zurufçunu dinləyir. Onun “Ayrılıq” mahnısını sevir, hətta oxuyur. Demək olar hər ay yeni mahnı öyrənirik”.  

Azərbaycan bayramlarından ən çox Novruzu sevir

Tomas Azərbaycan bayramlarından ən çox Novruzu sevir: “Səməni yetişdirilməyi, yumurta boyanmağı, odun üstündən tullanmağı sevirəm. Novruz şirniyyatlarının hamısını xoşlayıram. Amma mənim üçün bir nömrəli Naxçıvan kökəsidir. Röyalə paxlavanı da, qoğalı da yaxşı bişirir, çox dadlıdır. İngilis bayramlarından fərqli olaraq Novruz bayramı bir gün deyil, həftələrlə davam edir. Novruz əsl ailə bayramıdır. “Christmas” bayramını da keçiririk, amma ən çox Novruzu xoşlayıram”.

Röyalə: “Evimizdə çox vaxt Azərbaycan yeməkləri bişir. Çünki anam hər dəfə gələndə Azərbaycan yeməklərini öyrətdiyinə görə o gedəndən sonra da elə davam edirik. Uşaqlar da başqa yeməklər yemək istəmir. Əsgər və Osman dovğa, Elizabet kələm dolmasını daha çox bəyənir.  Ən sevdikləri dolmadır. Vaxtım olduqca həftə sonları hazırlayıram, soyuducuya qoyuram. Tom da yeməklərimizi bişirməyə çalışır. Yaxşı da alınır. Hətta qayınatam da Azərbaycan yeməklərini sevir. Fisincanlı plovu daha çox xoşlayır”.

“Souz, piti bişirirəm, kabab da çəkirəm”

Tomas deyir ki, Azərbaycan yeməkləri adət etdiyi yeməklərdən çox fərqlidir: “Amma çox sevdim. Röyalənin anası ilk dəfə dolma və souz bişirmişdi. Ən sevdiyim pomidor, badımcan, bibər dolmasıdır. Anlaya bilmədiyim hər yeməyin yanında turşu olmasıdır. Niyə yediyinizi başa düşə bilmirəm. Oğullarımız da sevmir. Amma qızımız turşu və zeytun xoşlayır. Hətta atam da yeməkləri turşu ilə yeyir. Bir də başa düşmədiyim hər şeyi qatıqla yeməyinizdir. Röyalənin anası yeməklərinizi bişirməyi öyrədir. Souz və piti bişirməyə çalışıram. Bozbaş da bişirirəm. Hətta kabab da çəkirəm”.

“Tomun atası və anasını da çayxor etmişik”

Röyalənin sözlərinə görə, Tom Azərbaycan çayını və limonumuzu da çox sevir: “Azərbaycanda görür ki, çayın içinə qəndi salıb, elə içirlər. Bu hərəkət ona maraqlı gəlmişdi və araşdırmışdı ki, görəsən niyə belə edirlər. Qədim adət olduğunu öyrənmişdi. İndi o da belə etməyi çox sevir. Bakıya gələndə Azərbaycandan çay, qənd, limon gətiririk. Tomun atası və anasını da çayxor etmişik”.  

“Hətta anamdan üzərlik yandırmağı da öyrənib”

Sən demə, azərbaycanlıların və ingilislərin ortaq düşüncələri də var imiş: “Toma ən maraqlı gələn inanclarımızdır. Məsələn, gedənin arxasınca su tökməyi, çəngəl-bıçaq yerə düşəndə onu qonaq gəlməyilə bağlamağımızı öyrənib. Ən sevdiyi əlin içi qaşındıqda alnına qoymaq və pul gəlməyini gözləməkdir. Anamdan üzərlik yandırmağı da öyrənib. Sonradan bilib ki, ingilislərdə də belə adətlər var imiş. Burada da nəyinsə altından keçməmək, qara pişik gördükdə tüpürmək kimi inanclar mövcuddur”.  

Röyalə sərtdir, Tomas isə mülayim

Cütlük deyir ki, ailədə bütün işlər paylaşılsa daha gözəldir. Bu zaman insanın ailəsinə daha çox vaxtı qalır: “Ev işlərini paylaşırıq. Çünki ikimiz də beş gün işləyirik. Evi eyni vaxtda təmizləməyə başlayırıq ki, eyni vaxtda da bitirək və uşaqlarla vaxt keçirək. Röyalə uşaqlara daha çox dəyərlərimizi, dərslərini, dilimizi öyrətməklə məşğul olur. Mənim işim isə daha çox onlarla oyun oynamaq, kurslara aparmaqdır. Belə deyək ki, mən daha mülayiməm, Röyalə məndən bir az sərtdir”.

“Küsülü qala bilmirik”

Röyalə deyir ki, elə fikir ayrılıqları da buna görə olur: “Mən daha sərtəm deyə, uşaqların dərslərində daha uğurlu olmalarına çalışıram. Amma Tom düşünür ki, həyat qısadır, necə istəyirlər, elə də etsinlər. Uşaqlara qarşı sərt ola bilmir. Mübahisə etsək də, Tom küsməyi sevmir, üstündən tez keçməyi bacarır. Mən bir az küsülü qala bilirəm. O zaman da ilk addımı həmişə Tom atır. Küsülü olanda mənim qəlbimi qazanmağı yaxşı bacarır. Bilir ki, Azərbaycan dilində mahnı oxusa, gül alsa, sevinəcəyəm, kefim açılacaq. Beləliklə, küsülü qala bilmirik”.  

Amiral Moody ailəsindən cütlüklərə məsləhət

Son olaraq Amiral Moody ailəsi cütlüklərə məsləhətlərini də verdi.

Tomas: “Həyat yoldaşınızla hər zaman razılaşın. Çünki o həmişə ən düzünü deyir. Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat deməkdir”.

Röyalənin fikrincə isə, əsas məsələ hörmətdir: “Həm özünüzə, həm bir-birinizə, həm də valideynlərinizə hörmət edin”.

 

0.21026206016541