Balakəndə məzar müəmması: Aşkarlanan qəbirlər kimə MƏXSUSDUR? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Balakən rayonunun Katex kənd sakinləri eyniadlı çayın sahilində onlarla qəbir aşkarlayıb. Dərhal müvafiq orqanlar məlumatlandırılıb. 

Bizim.media-nın yerli bürosu xəbər verir ki, sosial şəbəkələrdə həmin qəbir və insan sümüklərinin ötən əsrin 20-30-cu illərində həmin ərazidə fəaliyyət göstərən təcridxanada saxlanılan repressiya qurbanlarına məxsus olması barədə iddialar yer alıb.

Bu müəmmalı və qaranlıq məsələlərə aydınlıq gətirmək üçün AMEA-nın Şəki Regional Elmi Mərkəzinin müvafiq şöbəsinin və arxeoloqların iştirakı ilə əraziyə ilkin baxış keçirilib. 

Sakinlər həmkəndlilərini təkzib edirlər

Havanın yağıntılı olmasına baxmayaraq kənd sakinlərinin köməyi ilə qəbirlərin aşkarlandığı çay yatağına çatırıq. Katex kənd sakini Çingiz Uluxanov bildirib ki, Katex çayının hazırkı yatağı ötən əsrin 80-ci illərindən sonra bu əraziləri basaraq bərbad vəziyyətə salıb. Əvvəllər çayın yatağı, ümumiyyətlə, buradan heç olmasa 2-3 km uzaqdan keçirmiş. Bu ərazilərdə kənd sakinləri tütün əkib, bostan becərib. Həmin müddətdə burada nə insan sümüklərinə rast gəliblər, nə də ki qəbirlərə. Son dövr çay yatağını dəyişəndən və sel-sular ərazini yuyub dərinləşdirəndən sonra qəbir və insan sümüklərinə rast gəlinib. 

Digər kənd sakini Elxan Parabaşov sosial şəbəkələrdə iddia edilən repressiya qurbanlarının məzarlarının olma ehtimalı ilə bağlı fikirləri yanlış adlandırıb. 

“Guya burada Stalin dövründə həbsxana olub. Bəli, həbsxana olub, lakin orada saxlanılan insanların məzarlığı buradan xeyli uzaqda olub. Dəfn olunan yerləri bilirik. Buranın, yəni dayandığımız yerin repressiya qurbanları ilə heç bir əlaqəsi yoxdur”, - deyən həmsöhbətim əli ilə həmin əraziləri işarə edir. 

Tarixçi alim və arxeoloqların ilkin qənaəti 

AMEA, Şəki Regional Elmi Mərkəzin Tarix, arxeologiya və epiqrafika şöbəsinin müdiri Rahim Həsənov biz sakinlərlə söhbət etdiyimiz müddətdə arxeoloq həmkarı ilə ərazidə bir xeyli müşahidə aparıb. Eləcə də qəbirlərin vəziyyəti ilə, həmçinin çürüməkdə olan sümükləri ilkin tədqiq etdikdən sonra bildirib ki, bu qəbirlər nəinki repressiya illərinin, heç son yüz, yaxud iki yüz ilin qəbirləri deyil və sosial şəbəkələrdə səslənən fikirlər tamamilə yanlışdır:

“Biz burada gözümüzlə görəndən sonra məlum oldu ki, bu heç də 20-ci əsrə, ümumiyyətlə, yaxın iki yüz, üç yüz ilə aid qəbir abidələri deyil, ən azı orta əsrlər dövrünün ilkin mərhələsinin orta-erkən əsrlərə aid qəbir abidələridir. Bu abidələrin əksəriyyəti qəbir daşları və daş-qutu qəbirlərdir. Daş-qutu qəbirlər də son tunc dəmir dövründə, antik dövrdə və ümumiyyətlə, erkən-orta əsrlərdə, hətta islamın ilkin dövrlərində mövcud olub. 

Düzdür, bəzi qəbirlər qibləyə tərəfdir. Amma arxeoloji qazıntılar aparılmasa, burada köklü şəkildə arxeoloji tədqiqatlar getməsə, hansı dövrə aid məzar olduqlarını demək mümkün deyil”, - deyən Rahim Həsənov sakinləri belə faktlarla qarşılaşdıqda səbirli olmağı və mütəxəssislərə müraciət etməyi məsləhət bilib. Bu ilk növbədə yanlış məlumatların yayılmasının qarşısını ala bilər.

Ərazidə fundamental arxeoloji qazıntılar aparılmalıdır

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Şəki qrupunun Böyük Elmi işçisi İntizar Bədəlova illər əvvəl Balakən ərazisində müxtəlif yerlərdə arxeoloji qazıntılar apardığını və hazırkı müşahidələrdən sonra bu qəbir və sümüklərin də repressiya qurbanları ilə bağlı heç bir əlaqəsi olmadığını bildirib.

Arxeoloq bildirib ki, daş-qutu qəbirlərə tunc dövründən orta əsrlərə qədər, bir də islamın əvvəlində bir sıra bölgələrdə qazıntılar zamanı rast gəlinib.

“Amma çay hövzəsində bu dəfnlərin aşkar olunması doğrudan da hamımızı heyrətə gətirdi. Burada çay öz məcrasını dəyişib, su yuyub açdığı qəbirlərin böyük tədqiqata ehtiyacı var. Yəni biz buna üstdən baxıb desək ki, bu dəmir, ya tunc dövrüdür, bizə gülərlər. Biz elmə xələl gətirə bilərik. Ancaq burada fundamental arxeoloji tədqiqat getməlidir”, - deyən İntizar xanım tarixin güman və ehtimallarla deyil, faktlarla, sübutlarla əksini tapacağını diqqətə çatdırıb.

Yanlışlıqlara nöqtə qoyulub

AMEA-nın hər iki mütəxəssisinin qənaəti belə olub ki, ərazidə müvafiq qurumlar tərəfindən əsaslı arxeoloji qazıntılar aparılmalı, ilk öncə qəbirlər açılmalı və onların müayinəsindən sonra daha dolğun və müfəssəl qənaətə gəlmək mümkündür. Ərazidə müşahidə aparan mütəxəssislər, öz növbəsində müvafiq qurumları məlumatlandıracaqlarını və ondan sonra qərar veriləcəyini bildiriblər.

Digər tərəfdən sakinlər diqqətə çatdırıblar ki, qəbirlər aşkar ediləndən sonra çay yatağı təmizlənir və torpaq qatı yığılır ki, qəbirlər aşkar edilən əraziləri su yuyub aparmasın. 

0.21293210983276