Bakının Xəzər rayonu, Yeni Ramana qəsəbəsində yerləşən Koroğlu küçəsinin sakinləri yaşadıqları küçəyə asfalt örtüyünün çəkilməməsindən şikayətçidirlər.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Xəzər rayonunda yerləşən Şuşa şəhərciyinin Koroğlu küçəsindən gedir.
Uzunluğu bir kilometrdən çox olan yolun bir metr də olsun salamat hissəsi yoxdur.
Sakinlər deyir ki, 17 ildir küçə asfaltlanmayıb, baxımsız və yararsız vəziyyətdə olduğundan sözügedən ünvana nə taksi, nə də təcili tibbi yardım avtomobili çağıra bilirlər.
Sakinlərin bildirdiyinə görə, məsələ ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət ediblər. Cavab isə yalnız əraziyə baxış keçirmək olub.
Məsələ ilə əlaqədar aidiyyəti üzrə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsək də, cavab ala bilmədik.
Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) isə bildirilib ki, sözügedən küçə Xəzər Rayon İcra Hakimiyyətinin müraciəti əsasında investisiya proqramına daxil edilə və sonra yola asfalt vurula bilər. Lakin bununla bağlı Agentliyə heç bir məlumat daxil olmayıb.
Ətraflı süjetdə: