Sosial media ağrıkəsicidir, keyidicidir...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Elmi araşdırmalar meymunların da yalan danışa bildiyini göstərir. Ancaq insan zəkası o qədər mürəkkəbdir ki, öz danışdığı yalana özünü inandıra bilir. Bu insanın sahib olduğu gözəl bir keyfiyyətdir. Bəlkə də bir lənət...

İnsan özünü olduğundan ağıllı, gözəl, güclü, istedadlı olduğuna inandıra bilir. Əvvəlcə, bu haqda başqalarına yalan danışır. Sonra isə bu yalana özü də inanır. 

Ya da gerçək problemlərini dərk etməyərək özü üçün saxta bəhanələr yaradır. Bu saxta bəhanələrə özü də inanmağa başlayır. 

Beləliklə, insanın həqiqətlə olan əlaqəsi itməyə başlayır. Həqiqətlə əlaqəsi itən insan özünü tamamilə yalanın ağuşuna atır. 

Ancaq yalanın isti və aldadıcı cazibəsi insanı xoşbəxt edə bilməz. İnsanı ancaq və ancaq həqiqət xoşbəxt edə bilər. Hər birimizin həyatında yalanla həqiqətin toqquşduğu bir zaman var, insanın faciəsi də elə buradan başlayır... 

Yalana ehtiyacı olan, yalan danışan insan ətrafında özü kimi yalançılara da ehtiyac duyur. O ətrafındakı yalançılara öz yalanları ilə təskinlik verir, ətrafındakılar da ona. Bu yazılmış ictimai müqavilə davam etdikcə hər bir tərəf öz süni və saxta xoşbəxtliyni yaşayır. 

Yaltaq adamlara fikir verin. Onların əsas missiyası özləri haqda yalan eşitməkdir. Yalanı yalan eşitmək naminə danışırlar. Bu, hər tərəfin istədiyini aldığı bir oyundur. Necə deyərlər, alan razı, verən razı... 

Xüsusilə, sosial şəbəkələr insanları yalana alışdırır. Müxtəlif montaj və effekt proqramları ilə özünü olduğundan dəfələrlə gözəl göstərən qadın reallıqla başqa cür desək həqiqətlə olan üzvi əlaqəsini də itirir. O gerçək həyatdan özünü gözəl hesab eləyib xoşbəxt yaşadığı virtual həyata doğru qaçır. 

Eləcə də müasir dövrün əsas trendlərindən olan estetik əməliyyatlar, bunların hamısı yalana xidmət edir. Həqiqətin yerini isə heç nə tuta bilməz. Eləcə də təbiiliyin... 

Nitsşe hələ XIX əsrdə deyirdi ki, insan nədirsə o olmağı rədd edən yeganə canlıdır. İnsan daim başqası olmağa can atır. Daim öz vəziyyətindən narazıdır. Ancaq başqalaşmaq özgələşmək deməkdir. Özünə özgələşmək, öz həqiqətinə yadlaşmaq...

Müasir dövrü ifadə edən açar sözlərdən biri də budur: “Özgələşmək”. İnsan öz təbiətinə heç bir zaman bu qədər özgələşib, öz mahiyyətinə bu qədər yadlaşmamışdı. Doğrudur, buna çox cəhd göstərmişdi, amma alınmamışdı. Ancaq bu, texniki imkanlar sayəsində müasir dövrdə mümkün oldu. 

Real dünyanın yanında xəyali dünya əslində həmişə mövcud idi. Kitablar, filmlər, tamaşalar... İnsanlar daim bu irreal dünyaya, yazıçıların, rejissorların yaratdığı dünyaya can atırdılar. O xəyali dünya öz gerçək dünyalarından daha işıqlı, daha isti və daha cazibədar idi. 

Ancaq müasir dövrdə bu xəyali dünya virtual dünya ilə əvəzləndi. Burada romanlardakı ya da filmlərdəki kimi özünü obrazların yerinə qoymaq da yox idi. Burada öz adınızla, öz cisminizlə var ola bilərdiniz. Dünyanın nizamı da elə burada pozuldu.

Öz gerçək həyatında qorxaq olanlar burada cəsur döyüşçüyə çevrildi. Ömrü boyu bir kitabı sona qədər oxumamış insanlar sosial mediada “Borxes” qiyafəsinə büründülər. Xəritədə Fələstini göstərə bilməyənlər özünü Yaxın Şərq professoru kimi aparmağa başladılar. Oradan-buradan götürülmüş bilik qırıntıları ilə hər kəs özünü “alimi-dana” hesab etməyə başladı. Ya da qadınlar müxtəlif proqramlar vasitəsi ilə burada daha çox cazibədar görünməyə başladılar. 

İlk baxışdan burada pis heç nə yoxdur. Hər kəsin özünü xoşbəxt hiss etdiyi bir oyunun kimə ziyanı olsun ki? Ancaq elə deyil. Heç elə deyil... 

Hər şeydən qabaq özlərini yalanla ovudanlar ac qalırlar. İnsan ancaq biliklə, mütaliə ilə savadlı insan olur. Nəinki özünü bilikli göstərməklə... 

Sosial media ağrıkəsicidir, keyidicidir, əsla dərman deyil, müalicə deyildir. Ağrıkəsicilər isə ancaq xəstəliyi uzadır, bir gün isə təsir effekti itir, o zaman isə... Onların başqa heç bir köməyi olmur. 

Hüseyn Cavidin də dediyi kimi: “Həqiqət istərəm, ancaq həqiqət!..” Bu nida media dövründə necə də əzəmətli səslənir.

0.073374032974243