“2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış xüsusilə ağır cinayətlərin faiz göstəricisi sabit qalsa da, ağır və az ağır cinayətlərin faiz nisbəti azalıb, böyük ictimai təhlükə törətməyən cinayətlərin faiz nisbəti isə artıb”.
Xeber-ps.com-ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2023-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə ölkə ərazisində 36 811 cinayət qeydə alınmaqla onların 87,8 faizinin açılması təmin edilib. Ümumilikdə ölkə üzrə cəmi 21 104 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1350-si prokurorluq orqanlarında istintaq edilib.
K.Əliyev əlavə edib ki, bu müddət ərzində prokurorluq orqanları tərəfindən 902, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 16146 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Daha çox foto burada: PhotoStock.az