Ülkər Qəmbərli: “Dedim, institutun qabağına yazın ki, qadın vəzifədə olmayacaq burada” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Özüm kolxozçu ailəsində böyüsəm də, biz kökdən bəy nəsliyik - Təmrazbəyovlardan. Neftçi-geoloq olmağı təsadüfən seçmişəm. Amma sonradan bu peşəni o qədər çox sevmişəm ki, bir də doğulsam, bir də geoloq olardım”.

Bu fikirləri Xeber-ps.com-a müsahibəsində 87 yaşlı Ülkər Qəmbərli deyib. Ülkər xanım çox maraqlı həyat yolunu və xatirələrini bizimlə bölüşüb. Müsahibəni təqdim edirik:

- Ülkər xanım, uzun illər neft sahəsində çalışmısınız. Hansı ailədə böyümüsünüz, valideynləriniz nə işlə məşğul olublar?

- Mən 1937-ci ildə Füzulidə, kolxozçu ailəsində anadan olmuşam. Anam fəal kolxozçu olub. Atam 1941-ci ildə rəhmətə gedib, mənim üç-dörd yaşım olanda.

- Kolxozda nə işlə məşğul olurdular?

- Əsasən, buğda əkirdilər.

- Necə oldu ki, neftçi-geoloq sahəsini seçdiniz?

- Demək, mən məktəbi bitirəndə imtahan verdim. Mənə qızıl medal düşürdü. Elə oldu ki, bir ədəbiyyat müəllimim özünün qaynını saldı məndən əvvələ. Mən rus dilindən “5” aldım, ədəbiyyatdan - “4”. Elə oldu, gümüş medal aldım, qızıl vermədilər.

- Neçənci il idi?

- 1956-cı il.

- Belə çıxır ki, sizin neftçi-geoloq ixtisasını seçməyiniz təsadüfən olub.

- Bəli. Mən fikirləşdim ki, ən çətin ixtisas nədir, gedib onu oxuyacağam. Dedilər, get AZİ-yə (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.). Gəldim AZİ-yə, bütün sənədlərimi verdim, arxayın oturdum ki, imtahanı verib, keçəcəyəm. Altı imtahanın beşindən “5” aldım. Bircə fizikadan “4” aldım. Girdim instituta, oxudum, qurtardım.

- Niyə ən çətin olanı seçmək istədiniz?

- İstədim, o müəllimə sübut edim ki, mən yaxşı oxuyuram.

- Həyat yoldaşınız da sizin kimi neftçi-geoloq olub. Harada tanış olmusunuz - institutda, yoxsa?..

- Yox. Təcrübəyə gedəndə. Deməli, biz getdik Şamaxının Çuxuryurd kəndinə. Üçüncü kursda oxuyurduq. 1959, ya 60-cı il idi. Fərhadgil də (həyat yoldaşı - red.) orada təcrübədə idilər. Bir dəfə Pirsaat çayından keçmək lazım idi. Mən fikirləşdim ki, heç kimə əlimi verməyəcəyəm. Qızlar oğlanların əlindən tutub keçirdilər. Nə qədər elədilər, heç kimin əlindən tutmadım ki, özüm keçəcəyəm, onda da düşdüm suya. Hamı əlini uzatdı, yenə tutmadım. Onda Fərhad əlindəki çəkicin ağzını uzatdı, ondan tutub çıxdım. Sonra da beləcə... (gülür)

- Neçə il işləmisiniz neftçi-geoloq kimi?

- Qırx dörd il.

- İşinizi bizə necə təqdim edə bilərsiniz, bu işin özəlliyi nədir?

- Neftçi-geoloq çox aparıcı fakültədir. Deyə bilərəm ki, neft sənayesində ən irəli gedən geoloqlardır. Biz geoloqlar quyunun yerini təyin edirik, sonra gözləyirik ki, quyu işə düşsün. Elə olur ki, quyu ləğv olunur, elə də olur ki, ömürboyu işləyir. Məsələn, Mişovdağda 2 nömrəli quyu vardı (Təxminən 1954-56-cı illərdə qazılıb - red.). Həmin quyu mən təqaüdə çıxanacan işləyirdi.

- Siz iş prosesində neftçilərlə birbaşa təmasda olurdunuz?

- Yox. Biz quyu qazılmamışdan əvvəl onun layihəsini hazırlayırdıq. Sonra da sadəcə, quyuya nəzarət edirdik - necə qazırlar, nə edirlər və s.

- Yoldaşınızla eyni sahədə işləmisiniz. Evdə iş məsələləri müzakirə edirdinizmi?

- Əlbəttə, danışırdıq, hesablayırdıq, hətta mən sahəyə çıxanda deyirdi ki, gələndə mənə xəbər ver. İki-üç dəfə mən getdim sahəyə. Sonra bizim böyüyümüz vardı, o hamımızı çağırıb dedi ki, “Bu qadın niyə gedir sahəyə? Haradasınız siz, ay kişilər? Niyə göndərirsiniz onu? Gedər, qorxar”. Deyirdim, mən heç nədən qorxmuram, həvəslə işləyirəm.

Axırıncı iş günümdə ərizə yazdım. İngilislərlə işləyirdik. Müdir mənə dedi ki, “Qulaq asın, Ülkər xanım, mən düşünürəm ki, burada bilikli, ziyalı bir qadın var. Mən onunla fəxr edirəm. Niyə gedirsiniz? Kimdir sizə get deyən?” Dedim, bəs bacım xəstədir, ona qulluq eləməliyəm. Sonra da işdən çıxdım.

- İşinizin ən maraqlı tərəfi nədir?

- Geologiyanı çox sevirəm deyə onun hər yeri mənə maraqlıdır. Maraqsız tərəf görə bilmirəm.

- Bəs ən çətin tərəfi?

- Bizə “nenormirovannı” (qeyri-standart qrafikli) işçi deyirdilər. Yəni orada qanun yoxdur - əgər işin qurtarmayıbsa, oturursan, işini qurtarırsan, sonra gedirsən. Bizdə o qədər maraqlı işlər var idi ki, onların həll olunmasında kömək olmuşam.

- İlk dəfə mədənə gedəndə təəssüratınız nə oldu? Neçənci il idi?

- Mədənə institutu qurtarıb, sonra getmişdim. İnstitutu da qurtarmışdım 1961-ci ilin 9 iyulunda. Həmin ilin sentyabrında ilk dəfə gəldim işə. Mənə də demişdilər ki, sən elmi-tədqiqat laboratoriyasına get. Bu laboratoriya nefti analiz edir, suyu analiz edir - bir sözlə, hər şeyi. Getdim oraya. Direktor bir oğlana tapşırdı ki, məni aparsın mədənə. Oğlan məni gətirib təhvil verdi mədənə. Mədəndə elə bildilər ki, qadınam deyə heç bir iş görmərəm. Nə isə, oturdum. Dedim, mən axı burada oturmalı deyiləm, tədqiqata gəlmişəm, mədənə getmək istəyirəm. Dedilər, nə olar ki, gedərik. Təsəvvür edin, mədənə getdim, axşamçağı bir vərəq çatışmazlıq gətirdim: filan quyuya baxılmalıdır, filan quyuda neft axır və s. Baxdılar geoloqun üzünə, dedilər, bu səndən betərdir, çətin olacaq. İki ay işlədim orada. Əvvəl geoloq kimi götürdülər, iki-üç ay sonra oldum baş geoloq. On il sonra oldum mədən müdiri.

Çox həvəslə işləmişəm. 1968-ci ildə “AzNeft”in “Qızıl kitabı”na adım yazılıb. Əlavə işlər də görmüşəm. Məsələn, texnikum uşaqları diplom yazmaq üçün kömək etməyimi istəyirdilər, hamısına kömək edirdim. 

- Ülkər xanım, siz də, rəhmətlik həyat yoldaşınız Fərhad müəllim də neft yataqlarının açılmasında iştirak edən azsaylı adamlardansınız. Yadınızdadırmı ilk dəfə neçənci ildə və hansı yatağın açılışında iştirak etmisiniz?

- Biz ancaq bir sahədə idik - “Mişovdağ”da. Yazdığım əsasnamə üzrə orada bir quyunu açdılar, qaz alındı. Baxmayaraq ki, orada əvvəl qaz yox idi. “Kəmaləddin” yatağının açılışında mənim rolum olub. Sonra Kürdəmirdə, “Muradxanlı” yatağının açılışında da mənim iştirakım olub. Yoldaşım ancaq “Kirovdağ”da işləyirdi. Orden alıb, medal alıb. Ona “Sosialist Əməyi Qəhrəmanı” adı verməli idilər. Hətta buna görə bizim evə də gəlmişdilər. Nə oldusa, vermədilər.

- Neçənci il idi?

- 1967-ci il.

- Niyə yataqların açılışında az adam iştirak edirdi?

- Çünki bilən yox idi. Bilik səviyyəsi yetən az idi.

- İşdən neçənci ildə çıxdınız?

- 2005-ci il fevral ayının 28-də. Fevralın 28-də çıxdım, amma mənim üçün geniş bir yığıncaq təşkil etdilər - yolasalma. İşdən tam çıxdım martın 8-də. İndi 8 mart həm yaşımdır, həm də işdən çıxmağım.

- Bəs sonra?

- Sonra - heç nə. Oturdum evdə. Çox istəyərdim ki, AZİ-də dərs deyim. Çünki o işi o qədər mənimsəmişdim ki, bir dəqiqə bikar vaxtım olmurdu. Bu boyda bilikdən, təcrübədən istifadə edə bilərdilər, uşaqlara öyrədə bilərdim. Bunu mənə təklif edə bilərdilər.

- Bikar vaxtınızın olmadığı illərdə ailə ilə mədəni necə bir araya gətirirdiniz?

- Bacım var idi. Uşaqlara bacım baxırdı, dərslərinə mən baxırdım.

- Övladlarınızı böyütməyin yükü, bacınızdan başqa, ən çox kimin çiyninə düşüb - sizin, yoxsa Fərhad müəllimin?

- Fərhadın, demək olar, vaxtı yox idi. O heç vaxt səhər yeddidə gedib, axşam beşdə gəlməyib. Həmişə gec gələrdi. Ancaq uşaqların hamısının yaşında qalıb, evə bazarlıq edib gətirib, ad günlərini böyük bir bayram kimi keçirmişik. Həmişə. Üçünün də.

- Kiçik qızınız Şəkər xanım da neft sahəsində çalışır, mühəndisdir. Bu sahəni seçməsində valideyn kimi təsiriniz olub, yoxsa özü seçib?

- Özü seçib. Şəkər Moskvada oxuyurdu. Moskvadan gəldi, burada oxuyub qurtardı geologiyanı. O, yaxşı oxuyurdu, çox yaxşı oxuyurdu. Mən elə bilirdim ki, Şəhla onun kimi deyil. İndi gəldim buraya (qızıgildə yaşamağı nəzərdə tutur - red.), görürəm, elə deyil. Şəhla Azərbaycan dili və ədəbiyyatı müəllimidir. O qədər xoşuma gəlir onun müəllimliyi, o qədər... Bilmirəm e, necə deyim. Görürsən ki, uşaqlar ona öz xətləri ilə təbrik yazırlar. Deyirəm, “ay Şəhla, bu diqqət hər adama qismət olan şey deyil”.

- Övladlarınızın yolunuzu davam etdirməsini istəmisiniz?

- Yox. Özüm istəmişəm ki, Şəhla rus dili müəllimi olsun. Şəkər ixtisasını özü seçdi, Mahirə də deyirdim, həmişə istəmişəm ki, oğlum “Politexnik”i (indiki Texniki Universiteti) bitirsin, sən sənədlərini radiotexnika fakültəsinə ver.

- Bildiyim qədərilə fəal ictimaiyyətçi, neftçi hüquqlarının müdafiəçisi olmusunuz, bir çox gənclərin oxumağında, ailə qurmasında rolunuz olub. Bütün bunların öhdəsindən necə gəlmisiniz?

- Fərhadın belə bir xasiyyəti vardı - ürəyim gəlmir e, ona Allah rəhmət eləsin deyim, heç ürəyim gəlmir (kövrəlir - red.). O, gözləyirdi qapının ağzında. Deyirdi, nə oldu? Deyirdim, ay Fərhad, elə yaxşı oldu, elə yaxşı oldu, barışdırdım. Deyirdi, əla, gəl, çay içək. Dediyiniz kimi, neftçi hüquqlarının müdafiəsində də olmuşam, kimin nə işi vardı, köməyinə gedirdim.

- Ülkər xanım, bu qədər xanım-xatınlıq sizə ananızdan keçib?

- Mən sizə deyim, biz kökdən bəy nəsliyik. Füzulidə dağılan yerləri çəkiblər, görmüşünüz, yəqin. Baxıram, orada hər şeyi uçurublar, bircə bizim evdən başqa. Uçura bilməyiblər e, ona görə. Çünki bizim evin layihəsini o vaxt ulu babam - atamın atasının atası - gürcü memarlardan satın alıb. Soyadımız Təmrazbəyov olub. Sonra o vaxt camaatı QULAQ-a göndərəndə (QULAQ - 1930-50-ci illərdə, İ.Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr 1918-ci ildə yaradılmışdı və termin geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu - red.) ulu nənəmgil gedib pul verib, soyadlarını dəyişiblər ki, uşaqlarına xətər toxunmasın.

- Ədəb-ərkanlı adam kimə deyirlər?

- Onu hər kəs bir cür görə bilər, amma mənə görə, ədəbli adam o adama deyilir ki, heç kim yanında olmayanda da özünü ədəbli aparır.

- Ülkər xanım, xoşbəxtlik nədir?

- Xoşbəxtlik hər işdə var. Həyatında yaxşı iş olanda, övladların yaxşı olanda. Allah hamınızı saxlasın. Çox razıyam uşaqlarımdan. Qorxuram da bunu deməyə, deyirəm, bəlkə, xoşbəxtəm.

- Bəlkə, xoşbəxtsiniz?

- Bəlkə, xoşbəxtəm. Uşaqlarım, elə bilin, özümdürlər. Şükür.

- Neçə nəvə-nəticəniz var?

- Doqquz nəvəm, on nəticəm var.

- Xasiyyət baxımından özünüzü hansında görürsünüz?

- Hələ balacadırlar. Heç deyə bilmirəm. Həm də uzaqda olurlar, xarakterlərini bilmirəm.

-  Bəs uşaqlarınızdan?

- Uşaqlardan üçünün də xarakteri mənimdir.

- Deyirsiniz, Fərhad müəllimdən heç nə götürməyiblər?

- Yox, yox. Ataları... Onların ataları o qədər uşaq istəyən idi, o qədər yazığa, yetimə yiyə duran adam idi... Gedirdik bazara, görürdük bir balaca, nəzarətsiz uşaq var, deyirdi, Ülkər, gəl bunu aparaq, Allah haqqı, yaxşı olar, götür, aparaq saxlayaq. Deyirdim, ay Fərhad, mən evdəyəm məgər, öz uşağımı bacım saxlayır... Elə ürəyiyuxa insan idi.

- Ülkər xanım, uğurlu olmaq üçün nə etmək lazımdır?

- Elə bilirəm ki, düz yolu getmək lazımdır. İşin düz olmalıdır. Yalançılıqla iş olmaz. Nə cür deyim, uğuru ancaq düzgün tərbiyədə, düzgün yolda görürəm.

- Maşallah, 87 yaşındasınız. Uzun illər “Şirvanneft” Neft-Qaz çıxarma İdarəsində geoloji şöbənin rəisi işləmisiniz. Bu gün Ülkər Qəmbərli həyatda kimə minnətdardır?

- Anama. Atamı görməmişəm axı. Anamın dediyi mənim üçün yazı idi. Anamın ali təhsili yox idi, amma qəzet oxuyurdu, həmişə çalışırdı.

- Sizin dövrünüzdə neftçi-geoloqun aldığı maaş başqaları ilə müqayisədə yüksək idimi?

- Yox, elə yüksək deyildi. Baxma ki, hər işi bilirdim. Deməli, bir şey deyim: Bir dəfə gəlib dedilər ki, yer açılıb - şöbə müdiri, onu filankəsə veririk. Gəldim müdirin yanına, dedim ki, niyə verirsiniz ki filankəsə? Məni görmürsünüz orada? Dedi, heç eşitmisiniz ki, neft sənayesində hansısa qadın vəzifədədir? Dedim, onda institutun qabağına yazın ki, qadın vəzifədə olmayacaq burada. Görək kim gələr onda? Nə isə, verdi mənə şöbə müdirliyini. Hər cür yoxlayırdılar, hər cür sual verirdilər, ancaq şükür Allaha ki, həmişə yaxşı çıxmışam sınaqdan. (gülür)

- Operator işi ilə başlamısınız ilk dəfə.

- Bəli. İlk dəfə tədqiqat operatoru işləmişəm. O da geoloq peşəsinin başlanğıcıdır.

- Bəs şöbə müdiri neçənci ildə olmusunuz?

- 1970-ci ildə.

- Bugünkü gənclərə tövsiyəniz nə olar?

- Yaxşı oxusunlar. Özü də elə-belə oxumaq yox e, oxuduqlarını bilsinlər, başa düşsünlər. Bilən adamlara yaxınlaşsınlar, bir ağıllı söz eşitsinlər.

- Ülkər xanım, uşaq anasını eşitməlidir, yoxsa nənəsini?

-  Anasını. Ananın sözünü.

- Yadınıza düşəndə hələ də üzünüzü güldürən hadisə varmı?

- Var. Fərhadla tanışlığımız mənim üçün çox gülməlidir. Çayın məni apardığı yerdə heç kimə mən əl vermədim, Fərhad çəkici uzatdı, tutdum ondan, çıxdım. O ana kimi Fərhadı nə görmüşdüm, nə tanıyırdım. Bizim institutdan da deyildi. Təsəvvür edin, həmin Pirsaat çayından Çuxuryurda qədər piyada gəldik. Bu yol ömrümüzün axırına kimi birləşdirdi bizi.

- Siz Füzulidə, Sərdarlıda anadan olmusunuz, bəs yoldaşınız?

- Yoldaşım Füzulinin Kürdlər kəndindəndir. Ancaq onlar çoxdan köçüblər Bakıya.

- Siz neçə yaşında köçmüsünüz Füzulidən?

- Orta məktəbi qurtarıb çıxmışam.

- Getmək istəmisiniz heç?

- Getmək istəmişəm... İşğal altında olanda... İndi bu yaşımda necə gedim?

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova

0.076585054397583