“Müharibə gedən bir vaxtda hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir. Sosial şəbəkələrdə cəbhə bölgəsindən şəkil və videoları paylaşan vətəndaş başa düşməlidir ki, onun bu hərəkəti birinci növbədə cəbhədə vuruşan əsgərlərimiz üçün təhlükə yaradır”.
Bunu Versus.az-a son vaxtlar cəbhə xəttində çəkilən, yayılan müxtəlif videomaterialların sosial şəbəkələrə ötürülməsi ilə bağlı vətəndaş məsuliyyətsizliyinin artması ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Partiya sədri bildirib ki, hardasa hərbi əməliyyatlar zamanı kiçik görüntüləri çəkən və göndərən əsgəri və yaxud zabiti başa düşmək olar. Baxmayaraq ki, bu çəkilişlərin aparılması qadağandır:
“Başa düşürəm, onlar torpaqları azad edib sevinclərini paylaşırlar. Amma hamımız qanunlara, qoyulan tələblərə əməl etməliyik. Vətəndaş da ona göndərilən video və şəkilləri paylaşmamalıdır. Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi bununla bağlı dəfələrlə xəbərdarlıq edirlər. Bu çox ciddi bir məsələdir. İstər ön cəbhə, istərsə də arxa cəbhə olsun, biz qayda-qanunlara əməl etməliyik. Müharibə zamanı hər bir vətəndaşın bilərəkdən və yaxud bilməyərəkdən etdiyi bu hərəkət qələbəyə təsir edə bilər”.
Fuad Əliyev eyni zamanda bildirib ki, hərbçilərin cəbhə bölgəsində telefonlardan, xüsusilə smartfonlardan istifadə etməsi qəti qadağandır. Onun fikrincə, heç bir halda hərbçi, əsgər emossiyalarının qarşısında zəiflik göstərməməlidir:
“Heç şübhəsiz ki, əsgərlərimizin rəşadətlə vuruşduğunu hər birimiz bilirik və qələbədən sonra müharibənin tarixinə və keçilən yollara sənədli baxış olacaq. Bu gün isə Müdafiə Nazirliyinin çəkiliş qrupu var və bütün məlumatları onlar ictimayyətə çatdırırlar. Ordumuz çox uğurla erməni-virusundan torpaqlarımızı azad edir”.
Partiya sədri Vətən müharibəsi ərəfəsində ölkə ictimaiyyətinin həm də ilin əvvəlindən başlayaraq COVİD-19 virus ilə də ciddi mübarizə apardığını və son vaxtlar bu təhlükənin yenidən baş qaldırdığını qeyd edib:
“Yoluxanların sayı 800-ə çatıb. Biz indi ikiqat məsuliyyətli olmalıyıq. Özümüzü qorumaqla, dövlət başçısı demişkən, cəbhədə erməniləri iti qovan kimi qovan əsgərlərimizi qorumalıyıq. Hər bir vətəndaş bunu dərk etməlidir və Operativ qərargahın qəbul etdiyi qaydalara riayət etməlidir. Biz tibbi maskanı taxmaqla həm də cəbhədə əsgəri qoruyuruq. Əsgər də Vətəni qoruyur. Qarabağ Azərbaycandır!”