Bizi isə yalnız həqiqət xilas edəcək...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Nazım Hikmət elə şairlərdəndir ki, insana təkcə fərqində olmadığı duyğuları vermir, həm də həyata yeni bir baxış, yeni bir yanaşma təqdim edir: 

“Yaşamak şakaya gelmez,
büyük bir ciddiyetle yaşayacaksın
bir sincap gibi mesela,
yani, yaşamanın dışında ve ötesinde hiçbir şey beklemeden,
yani bütün işin gücün yaşamak olacak”.

İlk baxışdan sadə görünən bu misraların ardında böyük həqiqətlər gizlənib. Ancaq insanlar bu sadə həqiqətləri dərk etməkdən uzaq qalır. Halbuki, hər şey çox sadədir: “İşinin adı yaşamaq olacaq”.

Məsələ burdadır ki, biz yaşamağın nə olduğunu unuduruq. Bəli, dünyaya gəlməyimiz bizim iradəmizdən kənardadır. Əksər, hallarda dünyadan getməyimiz də... Ancaq bu iki tarix, doğum və ölüm tariximiz arasındakı dövrü yaşamaq öz əlimizdədir. 

Hərçənd, bizim qərarlarımızdan kənarda qalan xarici amillər də az deyil. Olsun. Biz öz üstümüzə düşən vəzifəni yerinə yetirməliyik. Bu bizim bir insan kimi vəzifəmizdir, özümüzə və cəmiyyətə qarşı olan borcumuzdur. Məqsəddən asılı olmayaraq biz bu borcu yerinə yetirməliyik. 

Yaşamaq üçün hələ qədim dövrlərdən belə bir düstur təqdim edilir: “Düzgün fikir, düzgün söz, düzgün əməl”. Başqa cür, desək, biz hər şeydən qabaq həyatla bağlı düzgün, ədalətli və həqiqi fikrə sahib olmalıyıq. Həyat haqqındakı gerçəyi əxz etməliyik. Xurafata aldanmadan, cəhalətə məğlub olmadan beynimizdən istifadə etməyi bacarmalıyıq.

Ancaq praktikada görürük ki, insanların həyat haqqında təsəvvürləri heç də adekvat deyil. İnsanlar həqiqəti tapmaq əvəzinə yalanlarla baş qatmağa meyillidirlər. Nazım Hikmətin başqa bir şeirində də deyildiyi kimi: “Yalanla doyuzdururlar sizi, halbuki acsınız”. Bu mənada xoşbəxt olmaq üçün insanın əvvəlcə həqiqətə ehtiyacı var. 

Söhbət “Mən niyə yaşayıram?”, “Mən niyə mövcudam?” suallarından gedir. Dinə inanan bir insan üçün bu sualların cavabı var. Ancaq o bu cavablara uyğun yaşayırmı? İstisnalar həmişə var, ancaq elmi tədqiqatlar da göstərir ki, insanların bir çoxunun dinə münasibəti ötəri xarakter daşıyır. İnsan dinə, Tanrıya inansa belə, cinayət törətməkdən çəkinmir. Dini kitablarda yazılanlara əməl etmir. Bu təkcə, dindarda yox, elə ateistlərdə də belədir. Yəni, insanlar bir şeyə inanır, ancaq başqa şeylər edirlər. Mahiyyətə vardıqda isə görürük ki, insan ürəyinin dərinliyində inandığı şeyə təcrübədə heç də inanmır. Tarkovskinin “Stalker” filmi bu həqiqəti ən ideal səviyyədə tamaşaçıya çatdırır. 

İnsan özünü aldatmağa meyillidir. İnsan yalan danışmağı bacaran yeganə canlıdır. İnsan öz yalanına inanan yeganə canlıdır. 

İnsanın həqiqəti tapması, ona uyğun hərəkət etməsi, başqa cür desək inandığı ilə yaşaması heç də sadə bir proses deyil. Çünki, insan təkcə biliklə, zəka ilə hərəkət edən bir varlıq deyil. İnsanın iradəsi də mövcuddur. Misal üçün, nəyisə etməli olduğumuzu, buna borclu olduğumuzu dərk edirik, ancaq etmək istəmirik. Burada da insanın iradə problemi üzə çıxır. 

Xüsusən də, fikrimizdə hansısa bir ziddiyyət varsa, yəni mənfəətpərəst olduğumuz halda özümüzü imanlı kimi aparırıqsa, o zaman iradəmiz də ziddiyyətə düşəcək. Buna görə də iradəni gücləndirən şey fikrimizdir, inandığımız dəyərdir. 

Bəşəriyyət üçün görkəmli işlər görmüş insanlara fikir verin. Onlar öz ideyalarına ürəkdən inanırdılar. İnandıqları üçün də güclü iradəyə malik idilər. İnandıqları üçün düzgün fəaliyyət planını gerçəkləşdirə bildilər. 

Sadə bir misala baxaq. İnsanlar bir çox hallarda həyatda uğur qazanmağın sirrini özlərində yox başqa amillərdə, kənar təsirlərdə görürlər. Bu fikir müəyyən bir planda həqiqət də ola bilər. Ancaq uğur qazanmağın başqa bir yolu varmı? İnsan uğur qazanmaq üçün əvvəlcə özündən başlamalıdır. Ancaq buna yəni uğurun kənar təsirlər nəticəsində yarandığına inanan bir insana baxın. Onun hansısa bir vəziyyətdə uğur qazanmaq şansı da yoxdur. Çünki öz üzərinə düşəni etmir, öz məsuliyyətini yerinə yetirmir. Və başqa uğur qazanan insanlara nifrət edir, onların uğurunu kiçiltməyə çalışır. Burdan da göründüyü kimi, səhv fikir səhv nəticələrə səbəb olur. 

Bizi isə həqiqət xilas edəcək.

0.16381907463074