Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binalar nə zaman söküləcək? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının təqdimatı mərasimində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları binaların bəzilərinin qəzalı vəziyyətdə olduğu üçün söküləcəyini, yenidən qurulacağını bildirib.

Məhz hansı ərazilərdəki binaların və nə zaman söküləcəyi maraq doğurur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Xeber-ps.com-ın müvafiq sorğusuna cavab olaraq bildirilib ki, hazırda belə bir siyahı yoxdur:

“Bu, təbii inkişaf prosesidir və bir çox amillərdən asılıdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, vətəndaşlar tədricən geri qayıdırlar. Köçürmə planları ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məşğul olur”.

Komitədən Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır:

“İlk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Köçürülmə bərpa olunmuş və yenidən qurulmuş yaşayış məntəqələri üzrə qrafikə uyğun aparılır. Bu zaman yataqxana, sanatoriya, yarımçıq tikili kimi müvəqqəti məskunlaşma obyektlərində, ağır şəraitdə yaşayan məcburi köçkünlər mərhələli şəkildə köçürülürlər”.

Xeber-ps.com-ın əldə etdiyi məlumata görə, azad olunmuş ərazilərə köçürülmə ilə əlaqədar ölkə üzrə tam boşaldılmış binalar yoxdur, bu səbəbdən də hələlik qəzalı vəziyyətdə olan binalar sökülmür.

İlhamə Əbülfət

0.078623056411743