Yalnız o halda mümkün ola bilər ki, Ermənistanın işğalçı qoşunları torpaqlardan çıxsınlar-ALDP sədri

30 ildir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təxribatları sentyabrın 27-dən başlayaraq Ordumuzun əks-həmləsi ilə öz layiqli cavabını almaqdadır.

Azərbaycan ordusu öz ərazilərimzidə apardığı müharibədə üstünlüyü ələ alıb, bəs dünyanın informasiya məkanında hansı üstünlüyü qazanmışıq və siyasi partiyalar bu istiqamətdə hansı addımlar ata bilir?

ALDP Mətbuat Xidməti xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev “Həftə.az” qəzetinə verdiyi müsahibəsində müəyyən nüanslara diqqət çəkib.

- Fuad bəy, son 5 gündə Ordumuz düşmənə qarşı əks-hücuma keçib və bu barədə mütəmadi xəbərlər alırıq. Beynəlxalq medianı yaxından izləyən siyasətçi kimi necə hesab edirsiz, siyasi düşərgə informasiya müharibəsində necə iştirak edir və ölkədən kənarda aparılan informasiya müharibəsində üstünlük kimdədir?

- Bu gün xarici mediada Ermənistan-Azərbaycan müharibəsi haqqında verilən məlumatları iki hissəyə bölmək olar. Əlbəttə ki, bir qism Azərbaycanın haqq səsini dəstəkləyir, digər qism isə Ermənistanın yalan məlumatlarını yayaraq işğalçılıq siyasətini haqlı tərəfi kimi təbliğ edir. Bu gün mətbuatdan xüsusilə Suriya hökumətinin birbaşa Ermənistanı dəstəklədiyi müşahidə olunur. Son vaxtlar bu dövlətlərin arasında yaranan sıx əməkdaşlıq Suriyadan Dağlıq Qarabağa gətirilən erməni ailələrinin timsalında da özünü göstərdi. Ermənistanın uzun illərdir xaricdə formalaşmış diaspora və lobbiçilik fəaliyyəti də heç şübhəsiz ki, bu gün özünün əks təbliğatını aparmaqda davam edir.

Bütövlükdə isə normal demokratik ölkələr beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanı dəstəkləyirlər. Biz, beynəlxalq müstəvidə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarımızda vuruşuruq və bu müharibənin haqq işi olduğunu sübut edirik. Son iyul hadisələrindən başlayaraq dünya ictimaiyyətini informasiyalarla maraqlandıra bilmişik. Bu istiqamətdə ciddi iş aparmışıq və informasiya müharibəsində də üstünlük bizim tərəfimizdədir.

Hər dəfə də bəyan edirik ki, biz başqa bir ölkənin torpaqlarını işğal etməmişik. Bizim torpaqlar işğal olunub. Biz öz sərhədlərimiz çərçivəsində, Ermənistanın Azərbaycan ərazilərində işğalda saxladığı torpaqlarımızı azad etmək üçün  anti-terror əməliyyatlarını başlamışıq və bu da uğurla davam edir. Bu gün Azərbaycan bu şərəfli müharibədə onun yanında kimlərin dayandığını gördü. Çox təssüf olsun ki, post-sovet məkanında olan türkdilli ölkələr bizim haqq səsimizə dəstək vermədilər. Lakin Qafqaz dövləti olan qonşu Gürcüstan bizi dəstəklədi. Daha sonra Ukrayna, Belarus və artıq Macarıstan və bir sıra digər Avropa ölkələrindən də bizi dəstəkləyən çıxışlar eşidilməkdədir. Verilən dəstəklərdə Azərbaycan ərazilərinin bütövlüyünü tanıdıqlarını, Ermənistan hərbi hissələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edirlər. Çünki biz beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarımızı işğaldan azad etmək üçün mübarizə aparırıq. Dövlət başçısının da dediyi kimi, biz mülki əhaliyə qarşı deyil, Ermənistanın hərbi qüvvələrinə qaşı əks-hücum aparırıq.

Hesab edirəm ki, bu gün istənilən ictimai və siyasi təşkilatlar xarici ölkələrdə əməkdaşlıq etdiyi qurumlarla əlaqəli şəkildə informasiyanın yayılmasına və təbliğati işlərinin aparılmasına diqqət yetirməlidir. Siyasi partiyalar bütün imkanlarını məhz informasiya müharibəsinə yönəltməli və beynəlxalq müstəvidə ayrı-ayrı ölkələrdə olan siyasi həmfikirlərinin vasitəsi ilə təbliğatının qurulmasına üstünlük verilməlidir.

- Xaricdə işləyən onlayn kanallarımız məsələdə nə dərəcədə aktivdir, nə dərəcədə təbliğati işlər apara bilirlər?

- Türkiyə mediasında Azərbaycanı müdafiə edən çıxışlar var. Ukrayna Rusiya kanallarında əksəriyyət erməni mövqeyindən çıxış edir. Lakin Prezidentin “Rossiya1” kanalında 60 dəqiqəlik verilişdə etdiyi çıxışı bizə olan münasibəti tam dəyişib. Üstünlük bizim tərəfimizdədir. Bizim jurnalistlərin xaricdə açdıqları onlayn kanallara isə baxmıram. Biz xarici ölkələrdə əməkdaşlıq etdiyimiz partiyalara müraciət göndərib Azərbaycanın haqq işinin təbliğatı baxımından bizə dəstək vermələrini xahiş etmişik. Və artıq Türkiyənin Liberal Demokratları öz fəaliyyətlərinə bu məsələyə diqqət göstərəcəklərini bildiriblər. Bu istiqamətdə faəliyyətimiz davam edir.

- İllərdir “Dağlıq Qarabağ münaqişəsi”nin beynəlxalq müstəvidə aparılan danışıqlar yolu ilə həllinə nail ola bilməyən ATƏT-in Minsk Qrupu və digər nüfuzlu təşkilatlar yenə də öz ampluasındadır. İşğal altında qalan torpaqlarımızın qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələri olan BMT və digər təşkilatlar, prezidentlər Azərbaycanı danışıqlara dəvət edən bəyanatlar verib. Yenə də işğalçıya “sənin Azərbaycanın ərazilərində nə işin var, rədd ol!” deyilmir. Beynəlxalq təşkilatların hazırki mövqeyini necə dəyərləndirirsiz?

- Bəli, məlumdur ki, Azərbaycana qarşı təsirlər edilir. Bugünlər həm BMT, həm ATƏT-in Minsk Qrupu və digər ölkə başçılarının birgə bəyanatı yayılıb. Türkiyə və Rusiya xarici işlər nazirləri də görüşərək Qarabağdakı vəziyyəti müzakirə ediblər. Hətta sosial şəbəkələrdə bu müzakirədə müharibənin dayandırılması ilə bağlı bəyanatın qəbul edildiyi də qeyd olunub. Bunun nə qədər doğru olacağını bilmirəm. Hesab edirəm ki, BMT, ATƏT-in Minsk Qrupu və digər dövlətlərin belə müraciətlər verməsi də normal qarşılanmalıdır. Çünki hər zaman bu təşkilatların belə bəyanatlar verməkdən başqa bir işinin olmadığını görmüşük. Bu yanaşmalar, “Torpaq bizimdir və öz problemimizi özümüz həll etməliyik” prinsipini ortaya qoyur. Məhz buna görə də bu gün Ali Baş Komandan əks hücum və səfərbərliklə bağlı öz tarixi qərarını verdi. Eləcə də beynəlxalq təşkilatlara ən gözəl cavabı Prezident verdi və məqsədimizi açıq-aydın şəkildə izah etdi. Azərbaycan o halda danışıqlara gedəcək ki, Ermənistanın işğalçı hərbi hissələri ərazilərimizi tərk edəcək. Çünki bu gün də Ermənistanın hərbi təxribatlardan əl çəkmədiyi, Azərbaycanın mülki əhali yaşayan kəndlərini atəşə tutduğu, xəsətxanaların, məktəblərin ağır artilleriya silahları ilə dağıdıldığının şahidiyik və bu davam edir. Xeyli zayda mülki vətəndaşlarımız şəhid olub. Əgər-əvvəl atəşkəsin pozulması halları var idisə, bu gün müharibə gedir. İki gündür xəbərlər gəlir ki, Ermənistan tərəfindən bizim sərhəd rayonlarımız da atəşə tutulur. Bu minivalla Ermənistan üçüncü ölkəni də prosesə cəlb etmək istəyir. Məlum məsələdir ki, üçüncü ölkələr Rusiya və Türkiyədir. Dünya ölkələri bu niyyəti başa düşür. Üçüncü tərəflərin bu mühribəyə qoşulmaq istəyəcəyini düşünmürəm. Bu Vətən Müharibəmiz dayana bilməz. Bu yalnız o halda mümkün ola bilər ki, Ermənistanın işğalçı qoşunları torpaqlardan çıxsınlar. Bundan sonra hansı addımlar atılacaq, artıq sonrakı proseslərdir.

- Necə hesab edirsiz, üçüncü tərəflər bu müharibəyə hansı halda qoşula bilər və indiki savaş durumunda bu nə dərəcədə ciddi ehtimaldır?

- Fikir verirsinizsə, regionda əsas oyunçu olan Rusiya bu prosesə qoşulmadı. Putin “biz qonşu dövlətlərin siyasətinə qarışmırıq” deməklə hələ ki, vəziyyəti kənardan izləyir. Bundan əvvəl isə Prezident İlham Əliyev demişdi ki, “bizi təkbətək buraxın, biz torpaqları işğaldan azad edəcəyik”. Eyni zamanda Türkiyənin mövqeynə baxsaq, bu dövlətin Azərbaycanı açıq dəstəkləyən bəyanatları deməyə əsas verir ki, biz informasiya müharibəsində üstünük. Ermənistanda Paşinyan hakimiyyəti SOROS hakimiyyətidir. Bu da Rusiya ilə əlaqələrin pozulmasına gətirib çıxarıb. Putin Paşinyanın satqınlığını bağışlamayıb. Bu da Rusiya-Ermənistan münasibətlərinə təsir edib. Bu illər ərzində Türkiyə hər zaman Azərbaycanın yanında olub. Lakin regionda belə aktiv və açıq şəkildə Azərbaycana dəstək verməsi ilk dəfədir baş verir. Hər halda biz bu yolda səhv deyilik. Rusiya bu məsələyə qarışsa Türkiyə də açıq dəstək verəcək. Eləcə də Pakistan bir qardaş dövlət olaraq daim bizə dəstək verir. Bu da istər-istəməz münaqişənin formatına təsir edir.

- Fuad bəy, 50 siyasi partiya birgə bəyanatla Orduya, Ali Baş Komandana dəstək mövqeyini ortaya qoydular. Belə bir vaxtda bu prosesdən kənarda qalanlar oldumu və hazırda siyasi partiyaların bu istiqamətdəki birliyi nə dərəcədədir?

- Torpaqlqarın işğala məruz qoyulduğu bu 30 il müddətində biz hər zaman deyirdik ki, siyasi partiyaları birləşdirən bir məsələ var, bu da Dağlıq Qarabağdır. Bu da bir sübutdur ki, bu məsələdə cəmiyyət birləşə bilər. Bu təkcə Azərbaycana yox, elə bütün dünyaya bir ismarıc verdi ki, Azərbaycan xalqı birdir. Bundan kənarda qalan çox olsa 1 faiz olar. Amma düşünmürəm ki, o da Qarabağ məsələsində kənarada qala bilər. Qalıbsa, bu onun ən böyük səhvidir. Bu məsələ ilə bağlı ALDP-yə təklif gələndə mən o sənədə baxmadan imza atmaq istədim. Çünki biz Qarabağ məsələsi ətrafında düşünmədən birləşməliyik və birik.  Çünki bu bütün millətin həll etməli olduğu problemidir. Və xalq bütövlükdə öz həmrəyliyini göstərib. İyul hadisələrindən sonra xalqımız öz sözünü dedi. Hər gün xalq arasında bu fikir daha çox yayılırdı ki, danışıqları dayandırıb müharibəyə başlamaq lazımdır. Bu Vətən Müharibəsi Azərbaycan xalqının tələbidir. Nəhayət Ermənistanın davam edən hərbi təxribatları, danışıqlar prosesindən öz cinayətlərini genişləndirmək üçün istifadə etməsi Azərbaycanın səbr kasasını daşdırdı. Və beynəlxalq təşkilatların məsələ ilə bağlı vecsiz yanaşması pisləndi. Azərbaycan anladı ki, öz torpağını heç kim işğaldan azad edib ona qaytarmaq fikrində deyil. Əksinə, beynəlxalq aləmin Ermənistanı durdurmaması, ona həddini aşması üçün ruh verir. Və xalqımız bir olaraq öz haqq səsinin müdafiəsinə qalxıb.

 

0.090981006622314