Kaşıkçının qətlə yetirilməsinin ildönümündə onunla bağlı film təqdim ediləcək

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçı (Xaşuqi) haqqında “Sükut Krallığı” sənədli filmi onun bütün dünyada rezonans doğuran ölümünün ildönümündə nümayiş olunacaq.

“Euronews”un məlumatına görə, bu barədə filmin rejissoru Rik Rouli bildirib.

Məlumata görə, sənədli filmdə Kaşıkçının həyatı, işi, itkin düşməsi və öldürülməsindən bəhs ediləcək.

Rejissorun sözlərinə görə, izləyicilər ictimaiyyətdən gizlədilənlərin çoxunu, o cümlədən Riyad və Vaşinqton arasındakı münasibətlə bağlı həqiqətləri görəcəklər. O, çəkiliş müddətində xüsusi xidmət orqanlarının çoxsaylı maneələri ilə üzləşdiklərini də vurğulayıb.

O da bildirilir ki, Kaşıkçı vaxtı ilə “bir nömrəli terrorçu” Usama bin Ladenin dostu olub. Sonra o, Səudiyyə Ərəbistanı Krallığının Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə keçib. Lakin “ərəb baharı”ndan sonra o, Səud hökumətinin tənqidçisi olub, buna görə də ölkədən qovulub.

Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunda itkin düşüb. O, boşanmanı rəsmiləşdirmək və türkiyəli xanımla ailə həyatı qurmaq üçün diplomatik quruma sənədlərini götürməyə gəlib.

Sonradan Türkiyə mediası hüquq-mühafizə orqanlarına istinadla Kaşıkçının konsulluğun binasında qəddarcasına və öldürüldüyünü yazıb.

0.31257486343384