Fuad Əliyev: Qərbin vasitəçiliyi ilə heç bir sənədin imzalanması mümkün görünmür

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycanda səfərdədir.

Qlobal proseslərin aktivləşdiyi bir dövrdə ABŞ-ın Cənubi Qafqaza xüsusi diqqət ayırması isə səbəbsiz deyil. Brüssel formatı ilə yaxından maraqlanan rəsmi Vaşinqton bu və ya digər şəkildə prosesdən uzaq düşmək istəmir. Bu mənada, ABŞ aktivliyini bir az da artırır. ABŞ dövlət katibi Entoni Blinkenin hər dəfə Brüsseldə keçirilən görüşdən öncə və sonra Azərbaycan və Ermənistan liderləri ilə danışdığını, telefon əlaqəsi yaratdığını müşahidə etmişik. Bu o deməkdir ki, rəsmi Vaşinqton Brüssel formatını dəstəkləyir və onu təqdir edir. Bununla belə, qlobal miqyasda gedən proseslərə də nəzər salmaq lazımdır. Hazırda Rusiya-Ukrayna müharibəsi həm də postsovet məkanında dəyişikliklər üçün atılan addımlar kimi də nəzərdən keçirilir. Bunu xarici ekspertlər də analoji formada qiymətləndirir. Vaşinqton regiondakı prosesləri diqqətlə izləyir, kənar geosiyasi aktor kimi çıxış edir.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Rusiya lideri sülh müqaviləsinin Vaşinqton variantı olduğunu söyləmişdi: 

“Əgər belə sənəd varsa, Kemeron onu özü ilə Bakıya gətirməlidir. Həqiqətən Amerikanın Cənubi Qafqazda sülh, sabitlik istəyi varsa, o zaman real addımlar atsın. Bayden komandası isə başından ermənipərəst siyasət yürütməkdədir, ona görə Riker heç nə ilə yadda qala bilmədiyi kimi, Kemerondan da böyük gözləntim yoxdur”.

ALDP sədrinin fikrincə, ABŞ Fransadan bir qədər fərqlənir:

“Onlar Azərbaycanı ittiham etmirlər, Avropa İttifaqının vasitəçiliyinə müsbət yanaşırlar. Kemeron Qafqaz üzrə müşavir təyin olunması ilə Brüssel danışıqlarının bərpasında fəallığını artıra bilər. Lakin mən həmişə demişəm ki, əgər sülh müqaviləsi olacaqsa, o, mütləq Moskvada imzalanacaq. Qərbin vasitəçiliyi ilə heç bir sənədin imzalanması mümkün görünmür”.

“Yeni Müsavat”

0.20768404006958