“Vətən müharibəsindən sonra, əsas hədəfimiz azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını reallaşdırmaqdır”.
Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında bildirib.
Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev dekabrın 24-də çıxışında bu məsələyə xüsusi toxunub:
“Vətən müharibəsindən sonra, əsas hədəfimiz azərbaycanlıların Qərbi Azərbaycana qayıtmasıdır. Dövlət başçısı İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın qayıdışı dövlət üçün prioritet məsələdir. Hesab edirəm ki, biz hamımız, cəmiyyət olaraq bu məsələdə çox aktiv olmalıyıq. Hədəfimiz bəlli. İndi qalıb təbliğat işlərin gücləndirilməsi. Artıq partiya olaraq Qərbi Azərbaycanla bağlı topladığımız tarixi materialları hissə-hissə ingilis və rus dillərinə tərcümə edərək əməkdaşlıq etdiyimiz xarici ölkələrin partiyalarına, Avropa Parlamentinin deputatlarına və beynəlxalq təşkilatlara göndəririk”.
Fuad Əliyevin fikrincə, əgər ermənilər, Azərbaycan qanunlarına uyğun, Qarabağ iqtisadi zonasında yaşıyacaqlarsa, onda, Azərbaycanın tarixi torpaqlar hesab olunan, indiki Ermənistanda yaşamış və sonra deportasiya olunan soydaşlarımızın qayıtmaları və onlara yaşamaq üçün həmin hüququ verilməlidir.
“Əgər Qarabağ erməniləri Azərbaycanda yaşamaq istəyirsə, bizim soydaşlarımıza da dədə-baba torpaqlarımızda yaşamaq hüququ verilməlidir. Hesab edirəm ki, ermənilər Azərbaycanda hansı şəraitdə yaşayacaqsa, bizim soydaşlarımız da Ermənistanda o şəraitdə yaşamalıdır. İnanıram ki, belə də olacaq” - ALDP sədri qeyd edib.