Azərbaycan ictimaiyyət nümayəndələrinin, ekofəalların erməni separatçılarının sülhməramlıların gözü qarşısında ərazilərimizdəki yeraltı mədənləri istismar etməsi və bununla bağlı monitorinqin aparılmasına şərait yaradılmaması səbəbi ilə Laçın – Xankəndi yolunda başladığı dinc aksiya 9 gündür davam edir. Bu günə qədər də “Ekoloji terrora son” şüarı ilə keçirilən aksiyanın şərtləri yerinə yetirilmir.
Bu minivalla aksiya nə vaxta qədər davam edə bilər. Maraqlıdır, ən sadə tələblərdən olan Volkovun aksiyaçıların qarşısına çıxması niyə gerçəkləşmir və özlüyündə nəyi ifadə edir. Əgər aksiyanın tələbləri yerinə yetirilməsə Azərbaycan tərəfindən hansı addımlar atıla bilər?..
Versus.az-ın xəbərinə görə, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, Laçın-Xankəndi yolunda davam edən dinc aksiya dünya ictimaiyyətinə çatdırılmalıdır. Əks halda proses beləcə səssiz qarşılanmaqla davam edə bilər. O, Qarabağla bağlı Azərbaycanın mövqeyinə qarşı ikili yanaşmaların olduğunu qeyd edərək, bütün hallarda susmamağı doğru sayıb.
ALDP sədri bildirib ki, aksiyaçıların tələbləri yerinə yetirilmədikcə erməni separatçıları öz durumunu ağırlaşdırır. Onun sözlərinə görə, Rusiya hərbi kontingentinin generalı razılaşmaya əməl etməyərək Azərbaycan monitorinq qrupuna şərait yaratmamaqla, aksiyaçılarla görüşə gəlməməklə gələcəkdə baş verə biləcək hadisələrin məsuliyyətini öz üzərinə yükləyir:
“Ya ermənilər Azərbaycan ərazilərində yaşadıqlarını tərk edib, ölkənin qanunlarına tabe olmalıdır, ya da yol açıqdır. Əks halda Azərbaycan ölkəsində özbaşınalığa, cinayətkarlığa son qoymaq üçün antiterror əməliyyatları keçirtməlidir. Rusiya sülhməramlıları üçtərəfli sazişə əsasən öz missiyaların düzgün icra etməyə çağrılmalıdır. Həmin Laçın yolundan qeyri-qanuni yolla Qarabağa gəlib orda məskunlaşan Vardanyan və Arutunyan kimi cinayətkarları öz ərazisindən çıxartmaq üçün Azərbaycanın həm mənəvi, həm hüquqi, həm də hərbi gücü yetərincədir. Hələ ki, Azərbaycan ictimaiyyəti Qarabağda dinc aksiyalar keçirdir. Amma bunun bir nəticəsi olmalıdır”.