Fuad Əliyev: Azərbaycan XİN bundan imtina etməliydi

“Fransa ilə əlaqələrimizə yenidən baxmalıyıq. İndiki dövrdə isə münasibətləri minimum həddə saxlamalıyıq”

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un suallarına cavab verərkən bildirib.

Fuad Əliyev Azərbaycanın Fransadakı yeni təyin olunan səfirin etimadnaməsinin qəbuluna etiraz bildirib:

“Bir neçə gün bundan qabaq, Azərbaycanın Fransaya yeni təyin olunan səfir, hörmətli Leyla xanım Abdullayeva etimadnaməsini təqdim edib. Baxın, kim bizim səfirimizin etimadnəməsini qəbul edib. Fransa Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktorunun müavini. Nə Fransanın prezidenti, nə də Xarici İşlər naziri qəbul edib. Heç Fransanın Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktoru belə onu qəbul etməyib. Mənim fikrimcə, Azərbaycan XİN bu formatda təqdim etməməliydi və bundan imtina etməliydi. Hesab edirəm ki, bundan sonra biz də adekvat addımlar atmalıyıq”.

“Necə olur ki, Fransanın prezidenti Makron başqa ölkələrin təyin olunan səfirlərinin etimadnamələrini şəxsən özü qəbul edir, Azərbaycan Respublikasının səfirinin etimadnaməsini Fransanın XİN protokol xidmətinin direktor müavini qəbul edir. Bu beynəlxalq normalara ziddir. Səfir yüksək diplomatik ranqdır və fəaliyyət göstərən ölkədə dövləti təmsil edir. Hesab edirəm ki, bu və digər antiAzərbaycan mövqeyinə görə, Fransa ilə əlaqələrimizə yenidən baxmalıyıq. İndiki dövrdə isə münasibətləri minimum həddı saxlamalıyıq” - ALDP sədri qeyd edib.

Fuad Əliyev Prezident İlham Əliyevin Brüssel görüşündən imtina etməsini təqdirəlayiq hesab edib:

“Bundan qabaq Brüsseldə üçtərəfli görüşlər baş tutmuşdu. Son görüşdə, Praqada birdən-birə Fransa peyda olundu, üçlük dördlük oldu. Adama deyərlər “Ay arvad, sən nə yuyulmamış çömçə kimi düşmüsən ortalığa”. Hesab edirəm ki, İlham Əliyev açıq və düzgün mövqeyini bildirərək görüşdən imtina etdi. Moskva, Vaşington və Brüssel formatı var. Biz bu formatlarda işimizi davam etməliyik”.

0.11721086502075