“İsrail dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Azərbaycan müstəqilliyini qazandığı gündən İsraillə çox yüksək əlaqələrə malikdir. Bu əlaqələr qardaşlıq müstəvisinə və müttəfiqliyə yüksəldi”
Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Fuad Əliyevin sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması hər iki ölkənin əlaqələrini gücləndirəcək:
“Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı illər boyu demişəm. İsrail dövləti Qarabağ məsələsində həmişə həqiqətin tərəfində olaraq Azərbaycanı dəstəkləyib. Vətən müharibəsində isə açıq olaraq Türkiyə və Pakistanla yanaşı bizə dəstək verib. Hesab edirəm ki, onsuz da yüksək səviyyədə olan Azərbaycan-İsrail dostluq münasibətləri, bundan sonra daha da güclənəcək”.
“Azərbaycanın müstəqilliyini və ərazi bütüvlüyünü sözdə tanıyan, amma faktiktiki olaraq əməldə qarşı çıxan İran və Ermənistan kimi qonşularımız var. Azərbaycan müstəqilliyini qazanandan sonra dost, qardaş Türkiyə və Pakistan bizi tək qoymadı. Və çox yaxşı haldır ki, mürəkkəb bir regionda, dost və etibarlı tərəfdaş olan İsrail dövləti bizi dəstəkləyir. Sevindirici haldır ki, Türkiyə və israil münasibətləri də yaxşılaşır və dərinləşir. Biz imkan verməməliyik ki, İran, Ermənistan və yaxud başqa bir ölkə, Azərbaycan-İsrail və Türkiyə-İsrail münasibətləri poza bilsin”- ALDP sədri qeyd etdi.