ALDP sədri: İran başqa ölkələrdə təxribat yaratmaq cəhd etməsin

"İranın kəşfiyyat xidmət orqanlarının Azərbaycanda planlı şəkildə iş aparması zaman-zaman faktlarla sübuta yetirilib. Ancaq güc strukturlarımız, hüquq-mühafizə orqanlarımızın çevikliyi, ayıqlığı nəticəsində onlar ifşa olunublar".

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ötən gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etməsinə münasibətində deyib.

Xatırladaq ki, DTX-nin yaydığı məlumatda ən çox diqqət çəkən və müzakirə olunan isə İranın Azərbaycandakı səfirliyinin bu silahlı birləşmə ilə əlbir olmasıdır. Belə ki, Fəqan Sədrəddin oğlu Məmmədovun İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsi faktı üzə çıxıb.

ALDP sədri deyib ki, bu məsələdə İranın Azərbaycandakı səfirliyinin əli olması mütləq araşdırılmalıdır:

"Bunun özü beynəlxalq diplomatik qaydalara ziddir. Səfirliyin susması maraqlıdır. Əgər məlumatda deyilənlər yalandırsa, o zaman səfirlik dərhal cavab verməliydi. Vermirsə, deməli, yazılanlar düzdür. Onsuz da İran Azərbaycana qarşı məkrli siyasət yürüdür. Xüsusilə də 44 günlük müharibədən qələbəmizdən sonra".

Fuad Əliyev onu da qeyd edib ki, yaxşı olardı, İran daxilindı baş verən hadisələri diqqətdə saxlasın, başqa ölkələrdə təxribat yaratmaq cəhdində olmasın:

"Azərbaycan İran üçün Livan, Suriya, İraq deyil. Tehran dərk etsin ki, qonşusu Azərbaycan regionda ən güclü dövlətdir. Onun təxribat planları burada baş tutmayacaq. Bir də unutmasın ki, Güney Azərbaycanda 40 milyon soydaşımız yaşayır. Ayağa qalxsalar, İran beş yerə parçalana bilər".

0.10444903373718