Fuad Əliyev: Erməni cinayətkarın Azərbaycan ərazilərində törətdiyi əməllərin cavabı istənilməlidir

Məlum olduğu kimi, oktyabrın 31-də Azərbaycan, Rusiya, Ermənistan liderlərinin Soçidə üçtərəfli görüşü planlaşdırılıb.  Regionda vəziyyət gərgin olaraq qalır. İmperialist qüvvələrin region maraqları dəyişməyib. Hər biri indiki mərhələdə cərəyan edən qlobal geoiqtisadi, geosiyasi, geostrateji prosesdən qazanclı çıxmağa çalışır. Prosesdə iştirak edən və iştirak üçün müəyyən oyunlar quran güclər “zəif bənd”lərdən istifadə etməyə çalışır. Hazırki stiuasiyada Azərbaycan və Ermənistan rəsmilərinin Rusiyanın vasitəçiliyi ilə Soçidə baş tutacaq görüşü də bu mənada birmənalı qarşılanmır. Soçi görüşünün diplomatik prosesdə hansı mərhələ olduğunu qeyd etmək olar?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un suallarını cavablandırıb.

- Fuad müəllim, Soçi görüşündən nə kimi gözləntilər var?

- Əvvəla qeyd edim ki, regionda, Qarabağ ətrafında baş verən proseslər bəlkə də 30 ilini geridə qoyduğumuz işğal dövründən də çətin və məsuliyyətli bir mərhələdir. Azərbaycanın qalib bir ölkə olaraq əsas söz sahibi, şərtlər diqtə edən tərəf olduğunu göstərir. Azərbaycan regionda əsas iqtisadi layihələrin moderatorudur. Azərbaycanın hədəfləri bəllidir və Prezident dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ deyilən münaqişə yoxdur. Azərbaycan öz torpaqlarını azad edib və ərazi bütövlüyünü təmin edib. Təbii ki, bu gün ölkəmiz üçün əsas məsələ sərhədlərin delimitasiya və demorkasiyasıdır. Sərhəd məsələsi öz həllini tapandan sonra, paralel komunikasiyaların açılması öz həllini tapacaq. Unutmamalıyıq ki, Zəngəzur dəhlizinin açılması tək Rusiyanın, Azərbaycanın və Türkiyanın məsələsi deyil. Bu prosesdə hansı qlobal güclərin olduğunu bilirirk. Ona görə də Soçi görüşü və Putinin bu görüşdə moderatorluğu bu ölkənin dünya qarşısında sərgilədiyi dominantlığıdır. Rusiya onu sıxışdıran Avropa, Qərb dövlətlərinə bir daha bəyan elədi ki, regionda baş verən proseslərdə əsas vasitəçi mənəm.  Lakin iqtisadi layihələrdə olan dövlətlər Rusiyanı regionda təhlükəsizliyi təmin etməyə məcbur edəcək. Bu heç də Azərbaycan ərazilərinin Putinə peşkəş edilməsi anlamına gələ bilməz. Bu məsələnin ortaya atılması belə, absurddur. Digər tərəfdən, Azərbaycan üçün maraqlı olan o deyil ki, görüşü kim keçirir, özünü necə aparır. Azərbaycan üçün vacib olan nəticədir və təmkinlə ona doğru gedir. Fikrimcə, biz səbirli olmalıyıq və bu gün keçirilən görüşün nəticələrini gözləməliyik. Səbr, təmkin və düzgün diplomatik gedişlə istəyimizə nail ola bilərik.

- Sizcə, danışıqların getdiyi zamanda Azərbaycan həqiqətlərinin təbliği və haqlarının qorunması, ictimai birliyin qorunması baxımından bizə hansı üstünlüyü qazandıracaq?

- Ali Baş Komandanla bir yerdə 44 günlük hərbi zəfər tarixini yazandan sonra apardığı mübarizə diplomatik müstəvidə davam edir. Məhz 44 günlük müharibədə qazandığımız uğurlarla Azərbaycan öz taleyini dəyişib.

Azərbaycan müxalifətinin böyük kəsimi bu prosesdə Xalq, Ordu, Ali Baş Komandanla birgə oldu. Hadisələr iqtidarla müxalifəti bir masa ətrafında birləşdirə bildi. Düşünürəm ki, hansı yersiz iddialar olsa da, Azərbaycan bu birliyi qorumalıdır və siyasi partiyalar olaraq biz, konkret ALDP də bu istiqamətdə siyasətini, mübarizəsini davam edir. Çünki dövlət təhlükəsizliyimiz ən önəmli məsələdir və hələ proses bitməyib. Belə çətin dönəmdə vahid mövqedən çıxış etməyə, dövlətin yanında olmağa ehtiyac var. Erməni lobbisi, mətbuatı bu gün Azərbaycanın öz torpaqlarını azad etdməsini özünün istilası kimi təbliğ etməkdən dayanmır. Hər gün Azərbaycandan xarici təşkilatlara haqlarının qorunması, cinayətkarın Azərbaycan ərazilərində törətdiyi əməllərin cavabı istənilməlidir. Ermənistanın işğalçı siyasəti Xocalı soyqırımı, bu gün darmadağın edilən şəhər və kəndlərimizin timsalında nümayiş olunmaldır. Yoxsa “müxalifətəm” deyib, görülən işlərə göz yummaq, “nənəm mənə kor deyib, gəl gedəni vur deyib”lə müxalifətçilik olmaz. Biz bu cür müxalifətçiliyə qarşıyıq.

- Fuad müəllim, son vəziyyət nədir və uğurlu nəticələr üçün hansı problemləri görməli, həllinə çalışmalıyıq. Qazandığımız hərbi zəfəri, dişli diplomatik gedişləri gücləndirmək üçün ən çox hansı addımların atılmasına ehtiyac var?

- Təbii ki, Ermənistan siyasi qüvvələrinin revanşist çıxışları və hərbi təxribatları, həmin qüvvələrin sülh sazişindən yayınmaq istəkləri fonunda regionun radikal müharibə təhlükəsindən sığortalanmadığını ortaya qoyur. Heç şübhəsiz ki, torpaqlarımızın azadlığı, suverenliyi və təhlükəsizliyinin qurunması istiqamətində əldə olunan qalibiyyətin sütunları siyasi müstəvidə aparılan danışıqlarda möhkəmləndirilməli, təməlli olmalıdır. Bugünkü hədəf Zəfər Yolumuzun sərhədlərimizin müəyyənləşməsi, sülh sazişi və Zəngəzurdan keçən kommunikasiya xəttləri ilə bütün regionun əhatələnməsinə yönəlib. Bu istiqamətdə qurulan təbliğatın, dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasında və xalq-dövlət arasında düzgün əlaqələrin formalaşmasında media orqanlarının, media adamlarının xüsusi rolu var. İqtidar-müxalifət partiyaları arasında heç bir ambisiya, qərəz güdülmədən açıq görüşlər olmalı, ölkə problemləri deyilməli, müzakirə olunmalıdır. Eləcə də xalqla dövlət orqanları arasında şəffaf əlaqənin olmasını problem görüb ictimaiyyətlə müzakirələr aparmaqla birgə həllinə nail olmaq olar. Əhalinin mövcud problemlərinin aradan qaldırılması istiqamətində məmur özbaşınalığına son vermək üçün nəyə görə xalqın, siyasi-ictimai camiyyətin birgə səyləri və gücündən yararlanmasın. Siyasi partiyaların gücünün birləşməsi, hakimiyyətlə dialoqun, görüş və müzakirələrin aparılmasına bu gün daha çox ehtiyac var. Dediyim kimi, bu gün vəziyyət daha gərgindir. Qiymətlər artır, amma maaş azdır. İnsanlar iş tapa bilmir. İcra hakimiyyətləri hələ də vətəndaşların problemləri ilə maraqlanmır. Sahibkarların, kəndlilərin iş qurmaları üçün imkan yaradılmır. Uşaq pulu məsələsi həll olunmadan qalır. Təhsilimizdə problemlər çoxdur. Hesab edirəm ki, sosial problemlərin həlli o dediyimiz birliyə, möhkəmlənməyimizə aparan yoldur. Hakimiyyət nümayəndələri tutduqları vəzifələri öz şəxsi əmlakı, yeri hesab edir. Rüşvət, korrupsiya halları çoxdur. Ona görə də mən dəfələrlə bildirirəm ki, iqtidar müxalifətdə olan kadrlardan istifadə etməlidir. Mühüm vəzifələrə müxalifətdə olan mütəxəssislər təyin edilməli və ictimai nəzarətin tətbiqi ilə işlər aparılmalıdır. Düşünürəm ki, siyasi partiyaların bu prosesdə iştirakını müəyyənləşdirmək üçün iqtidar-müxalifət dialoqu, görüşləri intensivləşməli və ölkənin nöqsanları dilə gətirilərək həllinə çalışılmalıdır. Vəzifəyə vicdanlı adamlar təyin olunmalıdır. Düşünürəm ki, müharibə şəraitində olan ölkədə hər bir sosial problemə də hərb qaydası ilə yanaşılmalıdır.

0.17216014862061