Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının üçüncü iclası noyabrın əvvəllərində Brüsseldə keçiriləcək. “Yeni Müsavat” bildirir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın mətbuat xidməti məlumat yayıb. Komissiyalara Ermənistan və Azərbaycanın baş nazir müavinləri Mqer Qriqoryan və Şahin Mustafayev rəhbərlik edir.
Komissiyaların ilk iclası mayın 24-də iki ölkə sərhədində, ikinci iclası isə avqustun 30-da Moskvada keçirilib. Üçtərəfli komissiyada təmsil olunan Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə “Made in Russia 2022" ixrac forumunda çıxışı zamanı Azərbaycanın rolunu xüsusi qeyd edib. Overçukun fikrincə, bu gün məhz Cənubi Qafqazda ”Şimal-Cənub" və “Şərq-Qərb” əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsi formalaşır.
Yeri gəlmişkən, Overçuk bu ayın əvvəlində İrəvan səfərinin yekunları ilə bağlı açıq şəkildə demişdi ki, Ermənistanın blokadadan çıxmasının yolu Zəngəzur dəhlizi razılaşmasından keçir və nazir müavini ümumi razılaşmaya “bir addım qalmasından” danışmışdı. Lakin belə görünür ki, ermənilərin mövqeyində dəyişən heç nə yoxdur. Sadəcə, Ermənistan fürsətdən istifadə etməlidir. Bu da Zəngəzur dəhlizinin açılmasından keçir. Əks halda, itirən yenə Ermənistan olacaq. Əgər Zəngəzur dəhlizinin açılmasına maneə törətməsələr, Ermənistan da iqtisadi baxımdan bundan qazanacaq. Ermənistan razı olmasa, Azərbaycan İran üzərindən beynəlxalq yükdaşımaları həyata keçirəcək. Bu o deməkdir ki, nəticə etibarı ilə Azərbaycan yenə öz məqsədlərinə çatacaq.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə bildirir ki, Ermənistan Tehran-Paris ikibucağında manevr etməklə prosesi uzatmağa çalışır.
Fuad Əliyevin sözlərinə görə, Rusiyanın Ukrayna müharibəsinə başı qarışdığı üçün İrəvan fürsət əldə etdiyini hesablayır:
“Ermənistan dəhliz verməkdən açıq-aydın imtina edir. Buna görə Rusiya təzyiqlərini gücləndirməlidir. Bu kommunikasiya hamıya sərfəlidir. Azərbaycan əslində heç nə itirmir. Amma ortalıqda anlaşma var və Putinin imzası olan sənədin bəndlərini Paşinyan icra etmirsə, ilk növbədə Rusiya rəhbərliyinə hörmətsizlikdir. O baxımdan Moskva İrəvanın bütün əsəbləri tarıma çəkən hərəkətlərini hələ də təmkinlə izləyir. Bir yandan Pelosi, konqresmenlər, o tərəfdən Makronun dəstəyi, Aİ-nin mülki missiyasının gəlişi, həmçinin KTMT-dən çıxmaq çağırışları, indi də dəhlizlə bağlı cığal mövqe Rusiyanı qəzəbləndirməkdədir. Moskva Paşinyanın şıltaq hərəkətlərinə bir az da dözəcək, amma çox pis cavabını almış olacaq”.
ALDP sədri deyir ki, Ermənistan hakimiyyəti Rusiyadan üz döndərmiş kimi görünür: “Qərbdə olan tərəfdaşları onu inandırır ki, Rusiya məğlub olacaq, o dövrə qədər dirəniş göstər və 10 noyabr sənədində Zəngəzur müddəasını poz, qüvvədən sal. Amma Brüssel platforması da, Praqa görüşü də, Moskva anlaşmaları da kommunikasiyaların açılmasını diktə edir. Ermənistanın alternativ şansı yoxdur, istəməyəcək, özü blokadada qalacaq”.