Fuad Əliyev: Partiyaların cəmiyyətdə nüfuzu bərpa olunmalıdır

“Azərbaycanda bu gün 60-a yaxın siyasi partiya fəaliyyət göstərir. Bu, yaxşı göstərici deyil”. Bunu Haqq Ədalət Partiyasının sədri Əli İnsanov parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib. O bildirib ki, hər partiyanın öz həqiqəti var: “Lakin həqiqət birdir. Yəni Azərbaycanda aktiv siyasətlə məşğul olan şəxslər 60 yerə parçalanıb. Bu siyasi plüralizm deyil. Elə bunun nəticəsidir ki, milli birliyə nail ola bilmirik. Cəmiyyətimizdə radikallıq, qaragüruhçuluq meylləri var. Daha dəhşətli isə ifrat millətçiliyə, dini fanatizmə meylli insanlar var. Fanatizmdən hər zaman faşizm qoxusu gəlir. Deyilənlərin siyasi partiyalara sızmasının qarşısını almaq lazım gəlir. Buna görə də qəbul olunacaq qanun sərt olmalıdır. Qanun sərt olmasa, belə zərərli, təhlükəli meyllərin siyasi partiyalara sızmasının qarşısını almaq mümkün deyil”.

“Şekspir deyirdi ki, dünya səhnədir, biz insanlar isə bu səhnədə oynayan aktyorlar. Mən çox istərdim ki, həm iqtidarda, həm də müxalifətdə olan bütün siyasətçilərimiz öz rollarını elə oynasınlar ki, bu ancaq Azərbaycanın xeyrinə olsun”, - Ə.İnsanov qeyd edib.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə diqqətçəkən fikirlər irəli sürdü: 

""Siyasi Partiyalar Haqqında" yeni qanun layihəsinin keçirilən ictimai müzakirəsində iştirak edərək, çıxışımın sonunda bildirdim, qanun sərt formada qəbul olunmalıdır. Azərbaycanda normal fəaliyyət göstərən təxminən 18-20 partiya var. Yerdə qalanların böyük əksəriyyəti isə “bir sədri, bir möhürü olan partiyalar”dır. Nə seçkilərdə iştirak edirlər, nə də ki, mətbuatda dünyada, cəmiyyətdə gedən proseslərə fikir bildirirlər. Füzuliyə gedəndə birinci dəfədir ki, bu qədər partiya sədri gördüm. Soruşanda ki, partiya nə vaxt yaranıb, deyirdilər ki, 1993-95-ci illərdə. Demək olar ki, partiyalar 30 ilə yaxındır qeydiyyata alınıb, biz onları səfərə gedəndə gördük. Yaxud elə partiya sədrləri var ki, siyasətlə deyil, bizneslə məşğul olur. Bir yoxlama gələndə də partiya sədri olduğunu bildirir ki, gələnlər fəaliyyətini yoxlamasınlar. Bəzi partiya sədrləri isə dələduzluqla məşğuldur, ondan-bundan pul götürüb guya hakimiyyətə gələcəyini vəd edirlər. Bax belə partiyalardan Azərbaycan siyasəti təmizlənməlidir. Partiyaların cəmiyyətdə nüfuzu bərpa olunmalıdır. Siyasi partiyalar güclü, potensiallı olmalıdır və onlar hakimiyyətə hazır olduqlarını cəmiyyətə sübut etməlidirlər. Cəmiyyət siyasi partiyalara inanmalı, rişxəndlə yanaşmamalıdır. Hesab edirəm ki, bəzi düzəlişlər olunsa, yeni qanun Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların inkişafını təmin edəcək. Bu qanun da buna xidmət edir".

/Yeni Müsavat/

0.10060000419617