Rusiya postsovet məkanında bir çox ölkələrlə münasibətlərdə gərginlik yaşadığı zamanda Azərbaycanla son dərəcə isti əlaqələr var. Həmçinin işğal edilmiş ərazilərin azad olunmasında Rusiya qarşımıza maneə kimi çıxmadı. O zaman niyə Rusiya ictimai rəydə özü haqda müsbət xal qazana bilmir?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyevin fikrincə, Rusiyadan daha çox ABŞ işğal siyasəti yürüdüb:
“Əfqanıstanı 20 il məhv etdi, İraqda qan su yerinə axdı, minlərlə insan həyatını itirdi, Ukraynanı NATO-ya üzv etmədilər, əvəzində qonşusu ilə bəlaya saldılar, ”ərəb baharı" ilə Suriyanı, Liviyanı viran qoydular. Amma amerikalıların etdikləri heç kəsin gözündə imperializm siyasəti kimi görülmür. Adını demokratiya uğrunda mübarizə qoyurlar. Fikrimcə, Rusiya indi özü Azərbaycan cəmiyyətinin rəğbətini qazanmaq üçün çalışmalıdır. Əgər Qarabağ məsələsində tamamilə bütün bəndlər icra edilsə, 9 noyabr sənədi yerinə yetirilsə, sərhədlər tanınsa, regionda nəqliyyat xətləri işə düşsə, Rusiyanın imici yüksələcək. Bundan əlavə, azərbaycanlılar bu ölkədə çörək qazanır, ölkəyə kapital gətirir və Rusiya dövləti onlara heç bir problem yaratmır, qarşısını kəsmir. Ona görə Qərbin apardığı təbliğat işinin də burada təsirlərini görmək lazımdır".
/Baku News/