Rektor 700 bal toplayan abituriyent və onun valideynləri ilə görüşdü

“Bir neçə gün bundan əvvəl Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları zamanı ən yüksək – 700 bal toplayan Hüseyn Abdullayev və onun valideynləri ilə görüşdüm. Qürur hissi keçirdim”. 

Bu sözləri Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, 700 bal toplayan abituriyent BANM-ı seçib: 

“Lakin, ən böyük sevincim ondan ibarət idi ki, bu yüksək nəticəni əldə edən Hüseyn Abşeron rayonu Xırdalan şəhəri 1 saylı orta məktəbi bitirib.

Mən də həmin məktəbi 30 il bundan əvvəl məzun olaraq bitirmişəm. O məktəb mənim formalaşmağımda böyük rol oynayıb.

Qarşıdan Bilik Bayramı gəlir. Dərslər məlum səbəblərdən istədiyimiz formada başlamasa da, bayram bayramdır. Mən və Hüseyn doğma məktəbimizin bütün müəllimlərinin timsalında Azərbaycan müəllimlərini təbrik edir, qarşılarında baş əyirik. Təəssüf ki, müəllimlərdən bəzisi həyatda yoxdur, onlara Allahdan rəhmət diləyirik.

Biz sizə borcluyuq əziz müəllimlər.

Bayramın mübarək Azərbaycan müəllimi!”

0.30067896842957