Azərbaycanda mətbuat qurumu Rövşən Binnətliyə görə cərimələnib - FOTO

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 20 min manat cərimələnməsinin səbəbi bəlli olub.

Bu barədə Xeber-ps.com-a AİJA-nın prezidenti Eldar İsmayılov bildirib.

Onun sözlərinə görə, hazırda “İdman TV” telekanalında direktor əvəzi olan Rövşən Binnətlinin bu qurumda əmək müqaviləsi olmadan işləməsi belə bir cərimənin tətbiq olunması ilə nəticələnib:

“AİJA-nın 20 min manat cərimələnməsi ötən il noyabrın 4-də Dövlət Sosial Müdafiə Fonduna təqdim etdiyimiz xəstəlik vərəqəsinə görə olub. Orada baş katib Rövşən Binnətli vərəqəyə imza atıb. O, 25 ildir ki, baş katibimizdir. Binnətliyə bu səlahiyyət verilib. Dövlət Əmək Müfəttişliyi Xidməti isə onunla əmək müqaviləsi bağlamadığımız üçün qurumun əmək qanunveriliciliyini pozmasına dair inzibati protokol tərtib edib. Axı bizim qurum ictimai təşkilatdır. Hamı ictimai əsaslarla işləyir. Xəstə olduğum üçün sənədlərə qolu Rövşən Binnətli çəkib. Əslində əvvəllər də bəzi sənədlərə Binnətli qol çəkib, amma onda bizə heç bir xəbərdarlıq belə edilməyib.

20 min AİJA-nı, 3500 manat isə fiziki şəxs qismində məni cərimələyiblər. Bu, İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə ziddir. Orada göstərilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Əks halda inzibati məsuliyyətdən azad olunursan. Yasamal Rayon Məhkəməsi isə martın 12-də bizim cərimələnməyimiz barədə qərar çıxarıb. Yəni, bundan dörd ay keçib. 

Avqustun 27-də bizim Bakı Apellyasiya Məhkəməsində AİJA-nın birinci instansiya məhkəməsindən şikayəti əsasında işinə baxılmalı idi. Lakin xəstə olduğum üçün bunun sonrakı tarixə keçirilməsini istəmişdim. İndi sizdən eşidirəm ki, Bakı Apellyasiya Məhkəməsi bizim iştirakımız olmadan qərar çıxarıb. Bizim heç 20 min manat gəlirimiz yoxdur. Bu pulu haradan tutacaqlar. AİJA kommersiya təşkilatı deyil. Bu, icrası mümkün olmayan bir şeydir”.

Eldar İsmayılovun bizə təqdim etdiyi vəsatətin nüsxəsində qurumun I vitse-prezidenti Nigar Mahmudzadənin də əmək müqaviləsi olmadan AİJA-nın sənədlərinə qol çəkdiyi bilinir. Nigar Mahmudzadə 31 iyul 2018-ci il tarixdə təşkilat adından sərəncama imza atıb.

Qeyd edək ki, Nigar Mahmudzadə Eldar İsmayılovun qızıdır.

Səbuhi Musayev

0.29237794876099