Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında vacib xəbərdarlıqlar etdi. “Yeni Müsavat” yazır ki, dövlət başçısı Ermənistana mühüm siqnallar ötürdü və “hər iki tərəf xoş məramla çalışsa, biz sülh sazişini bir il ərzində imzalaya bilərik” söylədi.
Prezident Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsinin regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunu olduğunu bildirdi. Bəs, Ermənistan bir ilə ağıla, sülhə gələcəkmi?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Prezidentin açıqlamaları Ermənistanla yanaşı bu prosesdə iştirak edən tərəflərə də mesaj idi.
ALDP lideri İrəvanın sülhdən qaçışı olmadığını hesab edir:
“Paşinyan da etiraf etdi ki, sülh olmasa, Ermənistan məhvə məhkumdur. Ölkənin yenidən vassal kimi mövcudluğu davam edəcək. Əgər sülh sazişi imzalanmasa, ərazi bütövlüyümüzü tanımasalar, bundan itirən Azərbaycan yox, Ermənistan olacaq. Ona görə erməni baş nazir ”papağını qabağına qoyub" götür-qoy etsin, erməni cəmiyyətini sülhə hazırlasın. Bu, həm də Türkiyə-Ermənistan münasibətlərinin inkişafına xidmət edəcək və Avropaya pəncərəsi açılacaq. Belə fürsətləri əldən vermək, mənasız iddialar irəli sürərək yaşamaq Ermənistanı inkişafdan saxlayacaq".
Fuad Əliyevin fikrincə, qarşıdakı bir ildə irəliləyişlərin olması mümkündür:
“Əvvəlcə kommunikasiyalar işə düşməlidir. Paralel şəkildə delimitasiya işi getməlidir. Yəni bu iki razılaşma qoşa addımlamalıdır. Paşinyan özü də bəyan edir ki, sülh müqaviləsi üçün imkanlar var. O halda əsassız iddiaları kənara qoyaraq, sülh müqaviləsinə doğru addım atmaq lazımdır. Azərbaycan heç nə itirmir, qoy İrəvan fikirləşsin”.