ALDP sədri: Bizə dost olan İsraili açıq şəkildə dəstəkləməliyik

Son günlər İsrail-İran gərginliyi müşahidə olunur. Hətta İran İsraili məhv edəcəyi ilə hədələdi. Əgər İran-İsrail söz müharibəsi canlı müharibəyə çevrilsə, biz hansı ölkəni müdafiə etməliyik?

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un  sorğusunu belə cavablandırıb:

“Hesab edirəm ki, biz dövlət maraqlarından çıxış etməliyik. Azərbaycan dövlətinin İsraillə münasibətləri yüksək səviyyədədir. İsrail dövləti Qarabağ məsələsində daimə bizi dəstəkləyib. Beynəlxalq tədbirlərdə də bizim haqq sözümüzü müdafiə edib. Yuxarıda qeyd etdiyim dəstəyi və Azərbaycan dövlət maraqlarını nəzərə alaraq bizə dost olan İsraili açıq şəkildə dəstəkləməliyik”.

İsraildə digər millətlərin problemsiz yaşadıqlarını qeyd edən Fuad Əliyev bunu bildirib:

“İsrailin iki rəsmi dili var: İvrit dili və ərəb dili. Ərəb dili xüsusi statusa malikdir. İsraildə yaşayan ərəblər ərəb məktəblərinə gedirlər. Ərəb məktəblərində islam dərslərinin keçirilməsinə icazə verilir. İsrail parlamentində ərəb partiyası 4 deputatla təmsil olunur. Heç kim deyə bilməz ki İsraildə ərəblərin hüquqları tapdalanır”.

 “Bizdə bəziləri din amilini qabardaraq fələstinliləri dəstəkləyirlər. Hesab edirəm ki, bu səhv yanaşmadı. Bu həmin fələstinlilərdi ki, Qarabağ məsələsində erməniləri dəstəkləyirdilər. Bizim yaxın qonşumuz İran isə həmişə erməniləri dəstəkləyib, iqtisadi, hərbi və sosial yardımlar edib. İndi də edir. Bunlar deməyiblər ki, biz müsəlman ölkəsi olan Azərbaycanı dəstəkləməliyik, Ermənistanı yox. İranda yaşayan azərbaycanlıların hüquqları kobud şəkildə pozulur. İranda fəaliyyət göstərən molla rejimi bu hüquqların təmin edilməsində maraqlı deyil. İranda yaşayan 40 milyondan artıq azərbaycanlının mədəni və mənəvi problemləri mövcuddur. Bu rejimdə yaşayan azərbaycanlıların problemlərinin beynəlxalq səviyyədə müzakirəsinə ciddi ehtiyac var.” – ALDP sədri qeyd etdi.

0.13058304786682