Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Prezident İlham Əliyevin artıq Dağlıq Qarabağ adlı bir terminin olmadığı, Qarabağ münaqişəsinin isə həll edildiyi, ATƏT-in Minsk Qrupunun olmadığı barədə bəyanatlarına “cavab” verib. “Yeni Müsavat”ın xəbərinə görə, nazir vurğulayıb ki, “Azərbaycan Prezidentinin imzaladığı və qüvvədə olan, Dağlıq Qarabağın olduğunu bildirən sənəd var və bu sənəd 9 noyabr tarixli üçtərəfli bəyanatdır”. Mirzoyan iddia edib ki, Azərbaycan Prezidenti bu sənədi imzalamaqla “Dağlıq Qarabağın mövcudluğunu tanıyıb və bu, danılmaz faktdır”. Yəni Mirzoyan üçtərəfi bəyanatı absurd şəkildə yozmağa cəhd edib.
Mirzoyan ATƏT-in Minsk Qrupu haqqında bu qədər “arqument” gətirərkən, nədənsə, Rusiya xarici işlər naziri Sergey Lavrovun səsləndirdiyi bəyanatı “yaddan çıxarır”. Halbuki Rusiya xarici işlər naziri aprelin 8-də məhz Mirzoyanla görüşdən sonrakı brifinqdə bəyan etmişdi ki, anti-Rusiya dalğası kontekstində Qərb ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmini ləğv edib. “ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ danışıqları üçün nəzərdə tutulan kvota ləğv edilib. Bizim fransalı-amerikalı həmkarlarımız rusofobiya hissi ilə dedilər ki, bizimlə bu formatda əlaqə saxlamayacaqlar”, - Lavrov söyləyib. Əslində bununla da Lavrov rəsmən bəyan etdi ki, ATƏT-in Minsk Qrupu yoxdur.
O halda, erməni nazir niyə 10 noyabr üçtərəfli sənədinə istinad edərək “Azərbaycan Prezidenti bu sənədi imzalamaqla ”Dağlıq Qarabağın mövcudluğunu tanıyıb və bu, danılmaz faktdır" deyir? “ATƏT-in Minsk Qrupunun adı Paşinyanla Rusiya prezidentinin aprelin 19-da qəbul edilmiş birgə bəyanatda da vurğulanıb” deməklə, hər iki halda Rusiya prezidenti Vladimir Putinin imzası arxasında gizlənməyə cəhd edir. Bu iddiaların arxasında nə dayanır? Niyə İrəvan əldə edilmiş razılaşmaları icra etmək yerinə 10 noyabr sənədini təftiş edir, təhrif etməyə çalışır?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Mirzoyan amneziya (yaddaş problemi -E.S.) xəstəliyindən əziyyət çəkə bilər. ALDP lideri xatırladır ki, Minsk Qrupu çoxdan gorbagor olub və 44 günlük müharibədən sonra da bir araya gələ bilməyiblər:
“Heç buna ehtiyac da yoxdur. Mirzoyan yaxşı bilir ki, Minsk Qrupunun yerinə Avropa İttifaqı var. Həmçinin Rusiya da bu formatın ləğv olunduğunu təsdiqləyib və Ukrayna müharibəsi həmsədr ölkələri üz-üzə qoyub, çətin ki, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı toplansınlar. Yəni həmsədrlik institutu ilə bağlı məsələ aydındır, Bakıya səfərə gələndə də Prezident onların cavabını vermişdi. Mirzoyan yaxşı olardı ki, Brüssel razılaşmalarının icrası ilə bağlı normal mövqe sərgiləsin”.
10 noyabr sənədinə gəlincə, Fuad Əliyev qeyd etdi ki, Dağlıq Qarabağın mövcudluğunu tanıyan hər hansı müddəadan söhbət getmir:
“Üçtərəfli sənəddə Dağlıq Qarabağın qeyd olunması heç də onun ayrıca respublika, yaxud muxtariyyət kimi tanınmasını nəzərdə tutmur. Sadəcə, Mirzoyan erməni cəmiyyətinin ürəyinə yağ kimi yayılan nağıl danışmağa, həqiqətləri öz bildiyi şəkildə təhrif etməyə çalışıb. Bu gün davam edən danışıqların da məğzi ondan ibarətdir ki, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi və müdafiəsi qeyd olunur. Bunu da Ermənistan söyləyir və Brüsseldə ”status" haqda heç nə danışılmayıb. Ona görə erməni diplomatın sənədə istinad edərək guya Dağlıq Qarabağın mövcudluğunu tanıdığımızı deməsi absurddur. Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşı kimi qəbul etməyə hazırdır, ondan o tərəfə əlavə hüquqları olmayacaq".
/Yeni Müsavat/