Partiya lideri: Dövlət bu məsələyə müdaxilə etməli və təcili tədbirlər görülməlidir

Ölkəni bürüyən “Poz, qazan” və “Misli” mərc yarışları etirazlar doğurmaqdadır. Əhalinin kasıb təbəqəsini qumara təşviq edən “Azərlotereya” ASC-nin “Misli” məntəqələri və “Poz, qazan” oyunları ilə bağlı deputatlar, ziyalılar, siyasətçilər, din xadimləri, ayrı-ayrı tanınmışlar narazılıqlarını dilə gətirməkdədirlər.
Bu təşkilatın küçələrdə açıq qumar təşkil etməsi, milləti buna sövq etməsi ciddi ictimai bəlaya çevrilməkdədir. Ona görə də növbəti etiraz Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevdən gəlib.

Partiya lideri Tribuna.Az-a bildirib ki, aşkar şəkildə camaatın evini yıxmaqla məşğuldurlar. Fuad Əliyevin sözlərinə görə, dövlət bu məsələyə müdaxilə etməli və təcili tədbirlər görülməlidir.
ALDP sədri hesab edir ki, mərc oyunlarının keçirilməsi qanunla qadağan edilməsə də, bu yarışların ünvanlı yerlərdə təşkili olmalıdır:

“Amma “Azərlotereya” ASC hər hansı ərazi və ya məntəqələr müəyyən etmədən şəhərin bütün nöqtələrində, az qala hər küçədə “Poz, qazan” qumarı təşkil edir.
Bu da yolverilməz haldır. Üstəlik, oynayan imkanlı təbəqə deyil. Millətin cibindəki 3-5 qəpiyi də əllərindən alırlar. Çox təəssüf ki, buna göz yumulur və kütləvi hal almaqdadır.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, ölkədə hər şey bahalaşıb, ərzaq, kommunal xidmətlərin qiymətləri qalxıb, əhalini xərclərin kəskin şəkildə artdığı bir dövrdə qumara təhrik etmək, küçələrdə mərc yarışları keçirməklə insanları şirnikləndirmək doğru deyil”.

ALDP liderinin sözlərinə görə, səyyar şəkildə ticarətə imkan yaradılmalı, iş yerləri açılmalı, əhalini sosial rifahının xeyrinə qərarlar qəbul olunmalıdır:
“Daha mərc yarışları yox! Bu, kimə xeyir gətirir? Qumarı təşkil edənlərdən əlavə kim qazanır? Əhalinin xeyrinə burada nə var? Çoxu uduzur, insanların pulu gedir. Nəticədə qazanan bir mərkəz olur. Ona görə insanların maraqlarına fayda verməyən, onları soğan qabığı kimi soyan bu neqativləri azaldılmalıdır”.

0.21631717681885