Köhnə il nə ilə yadda qaldı və təzə ilə hansı yeniliklər, problemlərlə gedirik?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Versus.az-a açıqlamasında bunu dedi:
"2021-ci il ölkənin ictimai-siyasi, hərbi həyatında mühüm hadisələrlə yadda qaldı. Heç şübhəsiz ki, köhnə il Azərbaycanın qarşısında yeni illərə yeni yollar açdı. 30 ilə yaxın işğalda qaldığımız illər, yaşadığımız utanc hissi bu köhnə ildə əldə etdiyimiz qələbə ilə qürur hissi ilə əvəzləndi.
2020-ci il sentyabrın 27-də erməni işğalçılarına qarşı keçirdiyimiz əks hücum və 44 günlük müharibədə əldə olunan zəfərin dalğası hələ uzun zaman özünün təsirini və əhəmiyyətini göstərəcək. Bizim vətəndaş köhnə ildə nə qədər sosial-iqtisadi, qiymət artımı, işsizliklə bağlı problemlərlə üzləşsə də, qələbədən sonra aldığı mənəvi güc bu kimi maddi çətinlikləri aşa bildi.
Köhnə ili torpaqlarımız uğrunda canını verən Şəhidlərin ruhu, qazilərin ağrıları ilə yaşasaq da, bütün hallarda sevinc dolu il oldu. Eləcə də siyasi partiyalarla, hökumət arasında bir dialoq mühiti yarandı. Siyasi partiyalar artıq öz təkliflərini, fikirlərini asanlıqla hökumətə çatdıra bilirlər.
İşğaldan azad olunmuş ərazilərimizdə böyük layihələr işlənir. Geridə qoyduğumuz ildə Füzulidə açılan beynəlxalq hava limanının əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Hələ çəkilən "Zəfər yolu"nu xüsusilə deməliyəm. Köhnə il müsbət hadisələrlə zəngindir.
Şübhəsiz ki, yeni ildə köhnə ildə bünövrəsi qoyulan layihələr daha da inkişaf edəcək. Gözləntimiz Zənhəzur dəhlizinin açılması, Ermənistanın sülh sazişinə gəlməsi, sərhədlərimizin tam müəyyənləşib suverenliyimizin bərpasıdır.
Təbii ki, ölkə daxilində sosial-iqtisadi islahatlara ciddi ehtiyac var. Proporsional seçkiyə keçid, parlamentdə olmayan, lakin seçkilərdə aktiv iştirak edən siyasi partiyalara dövlətdən maliyyənin ayrılması, qeyri-neft sektorunun inkişafına dəstək baxımından kiçik sahibkarlar üçün imkanların yaradılması, gömrük rüsumlarının azaldılması və sair məsələlər həllini tapmalıdır.
Hər halda, yeni ilə böyük ümidlərlə gedirik. Zəfər yolu çəkilib. Bizə o yolda düzgün, ədalətlə, haqqı tapdalamadan, millətin haqqını yemədən, dovlətin inkişafı naminə irəliləmək qalır.
Bu yeni ildə hər kəsə mənəvi, maddi sağlam həyat arzu edirəm".