Torpaqlarını erməni işğalından azad edən və özünün sərhəd tamlığını bərpa edən ölkəmizin apardığı müstəqil daxili və xarici siyasətə qarşı baş qaldıran gizli və açıq həmlələr regionun ictimai-siyasi mənzərəsinin gərgin olduğunu göstərir. Mövcud proseslərin fonunda çıxış yollarının araşdırılması siyasi, sosial, ictimai təşkilatların əsas vəzifəsidir və ekspertlər də bu qənaətdədir ki, xarici siyasət nə qədər uğurlu olsa da, onu güclü edən daxili siyasət, uğurla atılan sosial-iqtisadi layihələr və milli birlikdir. Bu gün siyasi partiyaların fəaliyyəti ilə bağlı diqqəti çəkən müəyyən nüanslara nəzər salsaq, siyasilərin bu sahədəki qüvvətləndirici rolunu necə dəyərləndirmək olar?
“Onların apardıqları səhv siyasət nəticəsində müxalifətə inam itdi”
Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev maraqlı nüanslara diqqət çəkib.
- Fuad bəy, bu gün ölkədə ictimai-siyasi vəziyyət hansı mühüm amillərlə təzahür olunur. Siyasi partiyaların vəziyyəti necədir, dəyişiklik varmı?
- Təəssüflə etiraf etməliyəm ki, bu gün siyasi partiyaların vəziyyəti sıfıra enib. O cümlədən, bu gün vətəndaşlarımızı siyasətdən çox sosial problemlərin həlli maraqlandrır. Öz adımızdan deyim ki, biz Liberal Demokrat Partiyası olaraq, o vətəndaşlarımıza hər hansı ideoloji yeniliyi təqdim edə bilmirik. Vətəndaşı siyasi ideoloji yenilikdən çox, evinə gedərkən çörək aparmaq düşündürür. Bu gün onu siyasət maraqlandırmır. Ona görə də siyasi partiyalar, elə Liberal Demokrat Partiyası olaraq təşkilata yeni üzvlərin cəlb olunmasında çətinlik çəkirik. Buna baxmayaraq, təbii ki, fəaliyyətimiz davam edir. Elə ötən həftə partiyamız 5 il bundan qabaq təsis etdiyi “Azadlıq Fədaisi” mükafatını növbəti qalibinə təqdim etdi. Qalib şəxs Vətəndaş Həmrəyliyi Partiyasının sədri, milət vəkili Sabir Rüstəmxanlı idi. Partiyada aparılan müzakirələr əsasında belə qənaətə gəlindi ki, müstəqilliyimizin 30 illiyi ilə bağlı “Azadlıq Fədaisi” mükafatına layiq olan şəxs məhz Sabir Rüstəmxanlıdır. Çünki o, müstəqilliyk uğrunda aparılan mübarizənin ilk günlərindən meydan hərəkatının liderlərindən olub. Tarixə baxış etdik və prosesləri dəyərləndirən zaman qalib o seçildi.
“Bu gün vətəndaşlar siyasi partiyaya başqa gözlə baxır”
- Son vaxtlar sosail-iqtisadi problemləri qeyd edən bir çox siyasilər, eləcə də siz bildirisiz ki, sosial problemlər cəmiyyətdə siyasi aktivliyi artıra bilər və proseslər ona gedir. Bəs bu aktivlik siyasi partiyaların özündə niyə müşahidə edilmir?
- Məncə burda bir neçə səbəb var. Onlardan biri 2002-ci ildə referendum yolu ilə proporsional seçkinin ləğv olunmasıdır. Demək olar ki, bununla da siyasi partiyaların aktiv fəaliyyətinə son qoyuldu. Siyasi partiyaların daxilində belə sağlam rəqabət mühiti olmadı və hətta üzvlərimiz partiyalarda sədrdən sonara 2-ci, 3-cü olmaq üçün heç bir iş görmədilər. Belə bir şəraitdə partiyadan kənara axınlar oldu. Bir neçə aparıcı simalar partiyalardan uzaqlaşdılar. Bu proses çox partiyalarda müşahidə olundu. Müxalifət liderlərinin özünün apardığı səhv siyasət nəticəsində müxalifətə inam itdi. Bütün bu neqativlər ona gətirib çıxardı ki, bu gün vətəndaşlar siyasi partiyaya başqa gözlə baxır. Bəzi partiyalar ki, müxalifətdə ola-ola gedib hakimiyyətlə gizli iş birliyi yaradıb oturdular parlamentdə, yaxud başqa maddi üstünlüklər əldə ediblər, məhz onlar müxalifətə olan etimadı məhv ediblər. Bütün bunları vətəndaşlar bilir və danışır. Vətəndaş gördü ki, bu müxliafət səmimi deyil və bunlara görə aldanıblar. Ona görə də biz yeni yaranan partiya olmasaq da, təkcə sosial məsələlərlə bağlı mövzularla insanları ətrafımıza yığmaqda, vətəndaşın inamını bərpa etməkdə çətinlik çəkirik. Bəzi partiyalar indi də sosial problemlərdən istifadə edib öz ambissiyaları üçün çalışırlar. Onların aktivliyi vətəndaşın xeyri üçün yox, öz şəxsi maraqlarından irəli gəlir.
- Əgər siyasi təşkilat vətəndaşın sosial probleminə görə aktivliyi artıra bilmirsə, o zaman hansı yeni fəaliyyət istiqamətini götürməlidir?
- Sosial məsələlərlə bağlı son 10 il ərzində bizə daxil olan vətəndaş müraciətlərinin həllinə kömək etməyə çalışmışıq və müəyyən mənada buna nail olmuşuq. Lakin hansı problemlərin həllinə gücümüz çatmırsa, bu barədə aidiyyatı qurumlara müraciət ünvanlayırıq. Artıq bu mərhələdə də heç nə edə bilməyəndə bu barədə son vaxtlar yaxın əməkdaşlıq mühitində olduğumuz Prezident Admnistrasiyasına müraciət edirik və onlar həmin vətəndaşlara dəstək olurlar. Siyasi Partiyalar demək olar ki, sosial məsələlərlə məşğul olan QHT-lər kimi iş aparır.
“Azadlıq - ağzına nə gəldi danışmaq imkanı deyil”
- Bəzən siyasi partiyaların liderlərinə xaricdə olan bloggerlər tərəfindən tribuna ayrılır. Və bir çox hallarda da o tribunalardan ölkəyə neqativlərin sızıldığı müşahidə edilir. Xaricdən ölkəyə ötürülən bu kimi hallar nəyə hesablanır?
- Bu gün siyasi partiyalara çıxış etmək üçün çox böyük tribuna verilib. İnternet televiziyaları, saytlar buna misal ola bilər. Amma çox vaxt bir çox bloggerlər bu vasitələrdən düzgün yararlanmırlar. Bilmirlər ki, azadlıq ağzına nə gəldi danışmaq imkanı deyil, necə gəldi hərəkət edib, danışa bilməzsən. Bizdə isə bəziləri AZADLIQ anlayışını tamam başqa cür qəbul edirlər. Elə başa düşürlər ki, azadlıq verilibsə, nə istəsə deyə bilər, nə istəsə geyinə bilər, necə istəsə hərəkət edə bilər. Azadlıq özü çərçivəsi olan bir məvhumdur, onun da bir çərçivəsi var. Düzdür, biz hakimiyyətlə mübarizə aparırıq, amma onun da bir qırmızı xətti olmalıdır. Bunlar özlərinə bir “youtube” kanalı açıb özləri üçün danışırlar. Halbu ki, onların keçmişinə baxanda görürsən ki, çoxu çirkaba bulaşmış adamlardır. Görürsən ki, özləri vaxtilə müəyyən vəzifələr tutublar. Onlardan biri keçmiş prokuror olub. Biri hərbçi olub, biri polis olub. Araşdırsan, o polis burda müxalifəti döyənlərdən birir idi. Yaxud, sən prokuror işləyəndə rüşvət alırdın, saxta ittihamlarla camaatı türməyə basırdın, bəlkə də hakimiyyətdən çox konvert istəmisən və sənə imkan verməyiblər deyə, küsüb getmisən xaricə. İndi də ordan hakimiyyətə qarşı məsuliyyətsiz çıxışlar edirsən. Bu artıq hakimiyyətə qarşı deyil, dövlətə qaşı qərəzdir. Səviyyəsiz, məsuliyyətsiz çıxışlardır. Orda normal biri yoxdur ki, oturub ölkədəki vəziyyəti təhlil eləsinlər. Azərbaycanda çox ciddi proseslər gedir. Kimisə söyməkdənsə, təhqir etməkdənsə otur bunu təhlil elə. Mən də deyərəm bəli, oturub sənə qulaq asaram. Sən ordan cəmiyyətə, insanalara nə ağıllı mesaj verirsən ki, otururb səni dinləsinlər. Sən kimsən axı xalqın adından danışırsan. Xalq Hərəkatının vaxtında deyirdilər ki, - “gəlsinlər bizə hesabat versinlər”. Biz xalqın qaşısında hesabat verə bilərik, axı sən kimsən ki, sənə hesabat verək, sənin kanalında çıxış edək. Xalq Hərəkatında birinci müavin olduğuma görə də, rəhmətlik İsgəndər Həmidov olmayan dövrdə, bunu məndən tələb edirdilər. Mən də bunlara deyirdim ki, sən kimsən ki, gəlim sənə hesabat verim.