Fransada prezident seçkilərində “erməni və Qarabağ” faktoru mühüm rol oynaya bilər. Artıq indidən fransız namizədlər “erməni kartı”nı işə salaraq bu elektoratın dəstəyini qazanmağa çalışırlar. Onlardan biri mətbuatın “fransız Tramp” adlandırdıqları, qatı millətçi baxışları ilə tanınan yazıçı Erik Zemmurdur ki, bugünlərdə Ermənistana səfər edib.
“Yeni Müsavat”ın xəbərinə görə, səfərdə məqsəd ‘’müharibədə əziyyət çəkmiş erməni xalqına dəstək’’dir. Ağrı dağının fonunda erməni xalqına müraciət edən E.Zemmur onları “əsrlər boyu müqavimət nümunəsi” adlandırıb. O deyib ki, Fransa investisiyasının Ermənistana axını üçün də çalışacaq. Təhlükəsizlik səbəbindən onun səfəri ilə bağlı təfərrüat açıqlanmır.
Millətçi baxışları, xüsusilə miqrantlara münasibətdə çox sərt siyasət tərəfdarı olan birisinin seçki kampaniyasında Ermənistana və “əzabkeş erməni xalqı’’na önəm verməsinin səbəbi aydındır. Çünki Fransada seçkilərin nəticələrinə erməni səslərinin təsiri bəlkə də həlledicidir və bu səbəbdən Ermənistan amili önəmlidir. Amma bu, əlbəttə ki, təkcə Ermənistanla məhdudlaşmır, Qarabağdakı ermənilər də ”yaddan çıxmır". Zemmurun erməniləri “müqavimət nümunəsi” adlandırması elə revanşist çağırış kimi qəbul edilməlidir. Onun Xankəndinə gedib-getməyəcəyi sirr kimi saxlanılır, amma buna da cəhd edilə bilər.
Maraqlıdır ki, gələn ilin aprelində olacaq prezident seçkilərində yenidən namizədliyini irəli sürəcəyi gözlənilən hazırkı prezident Emmanuel Makron da var. O da Twitter səhifəsində açıq dəstək yazıb ki, heç vaxt erməniləri tək qoymayacağıq. Sitat: “Həmişə davamlı sülh üçün həll yolları axtaracağıq. Qarşıdan gələn bayramların sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevrilməsinə çağırıram”.
Həmçinin Makron opponenti Ermənistanda olarkən, o da rusiyalı həmkarı Vladimir Putinlə Qarabağ məsələsini müzakirə edib. Putin Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə ona məlumat verib. Eyni zamanda Brüsseldə, “Şərq Tərəfdaşlığı” Sammitinin başa çatmasından sonra gecə saatlarında Makronun iştirakı ilə Azərbaycan lideri İlham Əliyevlə Ermənistan baş naziri Paşinyanın daha bir görüşü keçirilib. Bu görüş haqda yalnız bir informasiya var: Makronun təşəbbüsü ilə baş tutub. Hər halda, “heç vaxt erməniləri tək qoymayacağıq” tviti atan Makronun bu məsələdə tərəfsiz qalacağı inandırıcı görünmür.
Əksinə, görünən odur ki, qarşıdakı aylarda Fransadakı seçki marafonunda “Qarabağ və erməni mövzusu” daha da aktual olacaq. Bunun isə onsuz da gərgin olan Bakı-Paris münasibətlərinə daha mənfi təsiri olacaq. Bu, həm də o deməkdir ki, Fransa siyasəti hələ uzun illər erməni siyasətinin əsarətində qalacaq. Biz Fransanın Azərbaycana baxışını dəyişmək üçün daha nə etməliyik?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Fransada erməni diasporu böyük gücə malikdir:
“Dünya erməniləri say baxımından ən çox ABŞ-da, sonrakı yerdə isə Fransada yaşayır. Hətta onlar artıq bu ölkənin etnik azlığına çevriliblər. Fransada erməni icmasının 600 min üzvü var. Bunlardan 400 mini Fransa ərazisində anadan olmuş ermənilərdir. Yəni bu faktlara bir statistika kimi baxmaq olmaz. Fransada erməni səsini alan siyasətçilər bu reallıqdan rupor kimi istifadə edirlər. Makron bu dəfə də onlardan səs almağa çalışacaq. Ona görə hər sözünün əvvəli və axırı ermənilərə dəstəkdir. Bunu müharibə zamanı da, postmüharibə dövründə də nümayiş etdirib. Amma Azərbaycanı itirdiyini də nəzərə almalıdır”.
ALDP sədrinin fikrincə, Zummerin Ermənistana səfəri, Makronun ardınca dəstək çıxışı təsadüfi deyil: “Onlar erməni seçicisini, Ermənistanın yanında olduqlarını göstərməyə çalışırlar. Bu siyasət Parisi Bakı və Ankara ilə soyuqlaşdırıb. Çox təəssüf ki, Fransanın ermənipərəst siyasəti hələ uzun müddət dəyişənə oxşamır”.